İraq parlamenti çərşənbə axşamı keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə salıb.
Teleqraf xəbər verir ki, buna səbəb kürdlərin prezidentliyə namizəd irəli sürə bilməməsidir.
INA agentliyinin məlumatına görə, parlament sədri Heybət əl-Halbusi İraqın iki əsas kürd partiyası olan Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvər Birliyindən (KVB) razılığa gəlmək üçün hər iki tərəfə daha çox vaxt vermək məqsədilə səsvermənin təxirə salınması ilə bağlı xahişlər alıb.
İraqda bir qayda olaraq, baş nazir postunu şiə, parlament sədrini sünni, prezident vəzifəsini isə əsasən kürd tutur.
KDP bu dəfə İraq prezidenti vəzifəsinə öz namizədini, İraq xarici işlər naziri Fuad Hüseyni irəli sürüb. Seçildikdən sonra prezidentin baş nazir təyin etmək üçün 15 günü olacaq və onun keçmiş baş nazir Nuri əl-Maliki olacağı gözlənilir. Şənbə günü şiə partiyalarının birliyi olan Koordinasiya Şurası əl-Malikinin namizədliyini təsdiqləyib.
Lakin onun namizədliyi Vaşinqtonda narazılıq yaradıb. 75 yaşlı siyasətçi, ABŞ-nin 2003-cü ildə İraqa hücumundan bəri iki dəfə (2006-2014) baş nazir olub.
İrana yaxın hesab edilən Əl-Maliki 2014-cü ildə Vaşinqtonun güclü təzyiqi altında hakimiyyətdən gedib. ABŞ dövlət katibi Marko Rubio bazar günü İraqda "İranyönlü hökumət" yaratmaq təşəbbüsünə qarşı çıxıb.