İspaniya hökuməti lisenziyasız mənzillərin reklamını yaydığına görə daşınmaz əmlak icarəsi üzrə iri platforma olan "Airbnb"yə 64 milyon avro məbləğində cərimə tətbiq edib.
Trend-in xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hökumət bildirib ki, məşhur turistik bölgələrdə reklam edilən bəzi obyektlərin icarəsi qanunla qadağandır.
Şikayət olunması mümkün olmayan bu cərimə "Airbnb"nin lisenziyasız obyektləri tanıdan bütün elanları geri götürməsini nəzərdə tutur.
Dünyanın ən çox ziyarət edilən ölkələrindən biri olan İspaniyada tələbinin artması mənzil qiymətlərinin yüksəlməsinə səbəb olub və bu, cəmiyyətdə ciddi narahatlıq doğurub.
İspaniyanın istehlakçı hüquqları naziri Pablo Bustinduy bildirib ki, minlərlə ailənin mənzil problemi səbəbindən çətin şəraitdə yaşadığı halda, bəzi şirkətlər insanları evlərindən didərgin salan biznes modelləri ilə varlanır.
Hökumət qısamüddətli kirayələrin müvəqqəti turist axını səbəbindən məhəllələrin sosial quruluşunu dəyişdirməsindən də narahatdır.
İspaniya hökuməti "Airbnb" platformasında yerləşdirilən 65 min 122 elanın istehlakçı qaydalarını pozduğunu açıqlayıb.
Bustinduy sosial şəbəkədə yazıb ki, nə qədər böyük və güclü olmasından asılı olmayaraq, heç bir şirkət qanundan üstün deyil və bu prinsip mənzil məsələsində xüsusilə vacibdir.
Qeyd edək ki, Barselona, Nyu-York, Berlin, Paris, hətta "Airbnb"nin yaradıldığı San-Fransisko da daxil olmaqla, bir çox məşhur turizm şəhəri şirkətin fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq edib. 2007-ci ildə yaradılan "Airbnb" 2014-cü ildən etibarən turistlərin daha ucuz mənzil və ev axtarışı fonunda sürətlə populyarlaşsa da, son illər bir çox şəhərdə səs-küy, nəzarətsiz ev sahibləri və yaşayış problemləri səbəbindən tənzimləmələr sərtləşdirilib.