İsrail hərbçiləri Livanda “Hizbullah”ın iki üzvünü saxlayıb

İsrail xüsusi təyinatlıları Livanın cənubunda keçirdikləri əməliyyat zamanı “Hizbullah” təşkilatının silahlı qanadının iki üzvünü saxlayıblar.

“Janoubia” xəbər portalının məlumatına görə, əməliyyat Şebaa yaşayış məntəqəsinin kənarında həyata keçirilib.

Bildirilir ki, İsrail hərbçiləri tikililərdən birində gizlənən iki silahlı şəxsi aşkarlayaraq saxlayıblar.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın Nəbatiyyə vilayətində yerləşən Kfar-Tibnit şəhərindəki hədəflərə zərbələr endirib.

İsrail artilleriyası həmçinin Mayfadun və Zautar əş-Şərqiyyə yaşayış məntəqələri arasındakı əraziləri atəşə tutub.

Məlumata görə, bir neçə İsrail tankı Haddata daxil olaraq sakinlərin tərk etdiyi evlərə atəş açıb.

Livanın cənubunda, Bint-Cübeyl sərhəd sektoru üzərində İsrailə məxsus kəşfiyyat pilotsuz uçuş aparatlarının uçuşları da müşahidə edilib.

Bundan əlavə, iki dron Ər-Rəcm bölgəsindəki obyektləri vurub. Hücumların nəticələri və mümkün itkilər barədə məlumat açıqlanmayıb.