İsrail hərbçiləri Suriyanın Dəraa vilayətinə daxil olub

Yanvarın 2-si axşam saatlarında İsrail ordusunun bölməsi Suriyanın Dəraa vilayətinin qərb hissəsinə daxil olub.

APA xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Dörd hərbi maşından və təxminən 20 hərbçidən ibarət kolonn Yarmuk çayı hövzəsində yerləşən tərk edilmiş “Sariyat Cəmlə” obyektinə doğru irəliləyərək yaxınlıqda mövqe tutub, bir müddət sonra isə ərazini tərk edib.

Məlumata görə, bir gün əvvəl İsrail qüvvələri Quneytra vilayətinin kənd ərazilərində də reyd həyata keçirib. Bölmələr əl-Ədnaniyyə rayonundan bir neçə yaşayış məntəqəsi istiqamətində hərəkət etdikdən sonra geri çəkilib.

Məsələyə rəsmi Dəməşq münasibət bildirib.

Qeyd olunub ki, bu cür addımlar 1974-cü il tarixli "Qüvvələrin ayrılması haqqında" sazişi pozur. İsrail qoşunlarının Suriya ərazisindən çıxarılması tələb olunub.