İsrail ordusu İsfahanda "F-14" qırıcılarını məhv etdi

İsrail Müdafiə Ordusu (SAXAL) İranın İsfahan şəhərindəki hava limanına endirilən zərbələr nəticəsində "F-14" qırıcı təyyarələrinin məhv edildiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, şənbə günü həyata keçirilən genişmiqyaslı hücum dalğası zamanı İsrail Hərbi Hava Qüvvələri İsfahan hava limanında İran rejiminə məxsus "F-14" qırıcılarının olduğu hərbi obyektləri hədəfə alıb. Uçuşa hazır vəziyyətdə olan qırıcıların zərbələr nəticəsində sıradan çıxarıldığı bildirilir.

Əməliyyat zamanı yalnız təyyarələr deyil, həm də İsrail aviasiyası üçün təhlükə yarada biləcək aşkaretmə (radar) və hava hücumundan müdafiə (HHM) sistemləri də dəqiq zərbələrlə məhv edilib.

Qeyd olunub ki, İsfahandakı bu əməliyyat cümə günü Tehranın Mehrabad hava limanına endirilən zərbələrin davamıdır. Xatırladaq ki, həmin hücum zamanı İranın "Qüds" qüvvələrinə məxsus 16 təyyarə darmadağın edilmişdi.

İsrail Müdafiə Ordusu bəyan edib ki, İran daxilindəki hərbi sistemləri hədəfə almağa davam edəcək və regionda öz hava üstünlüyünü daha da genişləndirəcək.