İsrail və Suriya ABŞ-ın vasitəçiliyi ilə təhlükəsizlik məsələləri üzrə təmasları yenidən bərpa ediblər.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanası məlumat yayıb.
Bildirilib ki, bir neçə aylıq fasilədən sonra İsrail–Suriya siyasi dialoqu yenidən başlayıb və bu proses ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülhün təşviqi ilə bağlı baxışı çərçivəsində həyata keçirilib. İsrail tərəfi öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasının və sərhədlərində təhdidlərin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Açıqlamada həmçinin qeyd olunub ki, İsrail regional sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib, eləcə də hər iki ölkənin maraqlarına uyğun iqtisadi əməkdaşlığın inkişafının vacibliyini önə çəkib. Tərəflər ortaq məqsədlərin irəlilədilməsi və Suriyadakı druz azlığının təhlükəsizliyinin təmin edilməsi üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər.