İstanbul danışıqları nəticəsiz bitəcək -PROQNOZ

Danışıqlar masası görüntü üçündür, Moskva ərazi genişlənməsinə hazırlaşır
İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək. Bu barədə TASS agentliyi öz mənbələrinə istinadən xəbər verib: "Bəli, İstanbul məqbul məkandır".
Milli Cəbhə Partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasında İstanbul danışıqları həlledici olmayacaq: 
“Rusiya və Ukrayna  arasında İstanbulda növbəti danışıqlar raundu keçiriləcək. Bu danışıqlar tərəflər arasında ikitərəfli şəkildə razılaşdırılıb. Kiyev və Moskva arasında rabitə kanalı işləyir və tərəflər arasında danışıqlar aparılır. Kiyevin təklifi ilə Rusiyanın İstanbul danışıqlarına razılıq verməsi, əsasən artan hərbi bu iqtisadi təzyiqlərdən qaynaqlanır.
Avropa İttifaqının 18-ci sanksiyalar paketi və ABŞ-nin Ukraynaya hərbi yardımları intensivləşdirməsi, həmçinin növbəti 50 gündən sonra, Vaşinqtondan gözlənilən sanksiyalar Kremli danışıqlar masasına əyləşdirir. Əgər Rusiya danışıqlar görüntüsü yaradacaqsa, bu, Moskvanın əleyhinə işləyəcək. Necə ki, D.V.Putin D.Trampla telefon danışıqlarında manipulyasiya etməklə, Ağ Evin Rusiyaya qarşı sərt xətt siyasəti ilə üzləşdi. Məhz bu telefon danışığından sonra Avropa İttifaqı 18-ci sanksiyalar paketini qəbul etmiş oldu. Göründüyü kimi, ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı eyni mövqedən çıxış edərək koordinasiyalı çalışır”.
Politoloq bildirib ki, İstanbulda keçirilən danışıqlarda əsirlərin dəyişdirilməsi və rabitə kanalının açıq saxlanması razılaşdırılacaq: 
“Həmçinin strateji mülki obyektlərə hücumlar edilməməsi barədə razılıq əldə edilə bilər. Amma Rusiyanın növbəti dəfə Ukraynanın ərazi bütövlüyünə qəsd olan təkliflərlə çıxış etməsi, bu danışıqlara kölgə salacaq. Bu danışıqlarda Vladimir Putin və Volodimr Zelenski görüşünün keçirilməsi müzakirə edilə bilər. Ukrayna bələ bir görüşə hazırdır. Amma V.Putin nə D.Trampla, nə də V.Zelenski ilə görüşə hazırdır. Yaxın perspektivdə  cəbhə xəttində Ukrayna üstünlük əldə edərsə və ABŞ sanksiyaları tətbiq edilərsə, D.Tramp, V.Zelenski və V.Putin arasında üçtərəfli görüş baş tuta bilər. Üçtərəfli görüş üçün Türkiyə seçilər. Məhz D.Trampın planı bundan ibarətdir. Ona görə də ABŞ-nin Ukraynaya hərbi yardımları intensivləşdirməsi gözlənilir”.
Politoloq Abutalıb Səmədov da açıqlamasında qeyd edib ki, İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarından ciddi nəticə gözləmək çətindir. A.Səmədov Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda keçiriləcək üçüncü danışıqlar görüşündən ciddi nəticə gözləmədiyini bildirib. Onun sözlərinə görə, tərəflərin mövqeləri arasında böyük fərq var və ümumi ortaq nöqtə tapmaq demək olar ki, mümkünsüzdür:
 “Ukraynanın NATO-ya üzv olmaması barədə Rusiyanın tələbini Ukrayna tərəfi qəbul etmir, əksinə, Ukraynanın NATO-ya daxil olmasının zəruri olduğunu müdafiə edir. Bu tip fundamental mövqe fərqləri sülh danışıqlarının məzmununa ciddi şəkildə təsir edir və dialoq üçün uyğun zəmin yaratmır. Bundan əlavə, Rusiya işğal etdiyi ərazilərin Rusiyanın nəzarətində qalmasını tələb edir və üstəlik, əlavə dörd vilayətin də Ukrayna tərəfindən boşaldılmasını istəyir. Ukrayna tərəfi isə bu tələbləri nəinki qəbul etmək, hətta dinləmək belə istəmir. Bu fakt danışıqlar prosesinin çox çətinləşdiyini göstərir və nümayəndələrin bir masa arxasında səmimi şəkildə razılığa gəlməsi üçün çox ciddi maneədir”.
Politoloq qeyd edib ki, danışıqlar çox güman ki, ölmüş əsgərlərin cəsədlərinin dəyişdirilməsi və humanitar məsələlər üzərində fokuslanacaq. Bu isə göstərir ki, mövcud vəziyyətdə siyasi və ərazi məsələlərində irəliləyiş çox məhduddur:
 “Həm Rusiya, həm də Ukrayna tərəfi danışıqlardan qaçan tərəf kimi görünmək istəmir və buna görə görüntü yaratmaq məqsədilə masa arxasına otururlar. Bu, sülh danışıqlarının mahiyyətindən daha çox, diplomatik bir oyun kimi qəbul olunur”.
ABŞ-nin mövqeyinə gəldikdə, politoloq qeyd edib ki, Vaşinqton faktiki olaraq işğal olunmuş əraziləri Rusiyanın nəzarətində olan ərazi kimi tanımağa hazırdır və bu, Rusiyanın böyük uğuru kimi qiymətləndirilməlidir. Lakin Vladimir Putin bununla kifayətlənmir və daha çox ərazi əldə etməyə çalışır. Bu da onu göstərir ki, Moskvanın məqsədləri sadəcə mövcud status-kvonun qorunması ilə məhdudlaşmır, əksinə, genişlənmə siyasəti aparır: “Danışıqların məqsədi kimi ABŞ Prezidenti Donald Trampın müəyyən etdiyi 50 günlük müddət ərzində sülh danışıqlarından qaçan tərəf kimi tanınmamaq niyyətini göstərir. Ukrayna isə bu müddət bitdikdən sonra Rusiya əleyhinə daha sərt sanksiyaların tətbiq olunacağına ümid edir. Lakin Ukraynanın qərb ölkələrindən lazım olan dəstəyi tam şəkildə ala biləcəyinə optimist yanaşmıram. Hadisələrin gedişi göstərir ki, yardımın artması ehtimalı yox, əksinə, azalması ehtimalı daha yüksəkdir. Bu da Rusiya tərəfinə Ukrayna ərazilərini tədricən və ağır şəkildə işğal etməyə davam etmək imkanı verir”.