
İstanbulda növbəti sülh masası qurulur: Zelenskinin “Yalnız Putinlə” şərti gündəmdir
Putin Ukrayna ilə dalana dirənmiş müharibədə taktikanı dəyişmək üçün Türkiyənin vasitəçiliyinə ümidlə baxır
Mayın 15-də İstanbulda keçiriləcək Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi məlum olub. Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov da daxil edilib. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda Vladimir Putindən başqa heç bir Rusiya nümayəndəsi ilə görüşməyəcək. O əlavə edib ki, İstanbulda daha aşağı səviyyədə mümkün ikitərəfli görüş mənasızdır. Prezident V.Zelenski deyib ki, Rusiya liderlər arasında birbaşa görüş barədə təklifə hələ də cavab verməyib: "Ukrayna həmişə diplomatiyanı dəstəkləyir. Mən Türkiyəyə getməyə hazıram. Təəssüf ki, dünya hələ də atəşkəslə bağlı çoxsaylı təkliflərə Rusiyadan aydın cavab almayıb. Rusiya atəşi və hücumları davam etdirir. Moskva bütün günü birbaşa görüş təklifi barədə susub. Çox qəribə səssizlikdir. Rusiya hər halda müharibəni bitirməli olacaq və bunu daha tez etmək daha yaxşıdır. Qətlləri davam etdirməyin mənası yoxdur". Zelenski ABŞ lideri Donald Trampın da belə bir görüşün keçirilməsini tam dəstəklədiyini deyib. O, Trampın da imkan taparaq İstanbula gəlməsini çox istədiyini sözlərinə əlavə edib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib ki, Kiyevin ərazilərdən imtina etməsi, Zaporojye AES-dən istifadəsi, Ukraynanın Dnepr və Qara dənizə çıxışı Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üzrə danışıqların əsas mövzusudur. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff deyib ki, Putinin razılığı olmadan Ukraynada münaqişəni sülh yolu ilə həll etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya Federasiyası ilə təmaslar vacibdir. Vitkoff qeyd edib ki, Tramp “ultimatum formasında” Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlarda israrlıdır, əks halda ABŞ nizamlanma prosesindən çəkiləcək. Trampın xüsusi nümayəndəsi nizamlanma danışıqlarının əsas mövzuları kimi Kiyevin ərazilərdən imtina etməsini, Zaporojye AES-dən istifadəni, Ukraynanın Dnepr və Qara dənizə çıxışını göstərib: "Problemlərin dairəsini daraltmaq üçün artıq çox iş görülüb. Moskva və Kiyevlə qeyri-rəsmi danışıqlar aparılır". “Blumberq” yazıb ki, Avropa rəhbərləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putinin Türkiyədə mümkün görüşünü gözləməyə hazırdır. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya cümə axşamı İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara hazırlaşmağa davam edir. Onun sözlərinə görə, Kreml məsələ ilə bağlı əlavə şərh verməyə hazırlaşmır. Peskov deyib ki, Putin lazım bilən kimi Kreml Ukrayna ilə danışıqlarda Rusiyanı kimin təmsil edəcəyini açıqlayacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb Kiyevə hərbi potensialını bərpa etmək və Rusiya ilə qarşıdurmanı davam etdirmək üçün 30 günlük atəşkəsdə israr edir. Zaxarova daha öncə də Qərbin eyni tələbi irəli sürdüyünü xatırladıb: "2022-ci ildə Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş Prezidenti Fransua Olland etiraf etdilər ki, heç kim Minsk razılaşmalarını həyata keçirməyi planlaşdırmırdı, məqsəd Ukraynanın "Donbas problemini" güc yolu ilə həll etməyə hazırlaşması üçün vaxt udmaq idi".
Siyasi şərhçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı ikitərəfli danışıqları bərpa etməyə çağırması Rusiya-Ukrayna əlaqələrinin tənzimlənməsi üçün ABŞ-nin göstərdiyi səylərin Rusiyanın xeyrinə ümid edilən nəticə verməməsinə reaksiyadır. Ekspert bildirib ki, İstanbul platforması Volodimir Zelenski üçün də məqbuldur:

"Hərçənd ki, protokolların dəyişiklik edilmədən, yəni 2022-ci il mətni ilə yenidən imzalanması Ukrayna üçün təslimiyyət sənədinə qol çəkəcəyi deməkdir. Çünki protokollar Ukraynanın NATO-ya üzvlük istəklərindən əl çəkməsi və konstitusiyasına Ukraynanın hər hansı hərbi ittifaqlara qoşulmamasını tələb edir. Həmçinin Kiyevin hərbi müqavilələr bağlamasını və ya Ukraynada əcnəbi hərbçilərin, təlimçilərin və ya silah sistemlərinin yerləşdirilməsini qadağan edən neytrallıq müddəasının əlavə edilməsini tələb edirdi. Rusiyanın yenidən bu tələbləri səsləndirməsi rus qoşunlarının Ukraynadakı hərəkət tempinə istinad edir. Ukrayna qüvvələri Rusiyanın bütün cəbhə xəttində irəliləmə sürətini azaltmağa nail olub. Son bir neçə aydakı Rusiyanın irəliləyiş tempinin zəifləməsi Ukraynanın müqavimət potensialının nəticəsi ilə əlaqəlidir. Lakin Moskvanın üç illik müharibədə yenidən eyni tələbləri təkrarlaması Moskvanın cəbhə xətti boyunca qazandığı nəzarət zonasının böyüklüyünə və onun yenidən Ukraynanın əraziləri kimi geri qayıtmayacağına işarə edir".
Analitikin qənaətincə, Putin Ukrayna ilə dalana dirənmiş müharibədə taktikanı dəyişmək üçün Türkiyənin vasitəçiliyinə ümidlə baxır:
"Üstəlik, ABŞ Prezidenti Donald Tramp da İstanbul danışıqlarını Vaşinqtonun əldə edə biləcəyi məntiqi nəticə kontekstində nəzərdən keçirir. Başqa sözlə, qurulacaq növbəti İstanbul masası ABŞ-nin digər NATO üzvü Türkiyəyə ötürdüyü pasdır və Ağ Ev mümkündür ki, əldə ediləcək nəticələri özünün dominant görünmək hekayələri ilə uyğunlaşdıracaq. Başqa yandan bir sual düşündürür: Görəsən, İstanbul danışıqları Rusiya-ABŞ, yoxsa ABŞ-Ukrayna oyun kitabına daxil edilmiş plandır? Məncə, bunun çox geniş geosiyasi mübarizə düsturuna əsaslanan izahı gərginləşən Hindistan-Pakistan münaqişəsi ilə əlaqədardır. Bununla bərabər, ABŞ Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasındakı vasitəçilik səylərinin nəticələrindən ehtiyat edərək Türkiyəni etibarlı moderator kimi dəstəkləyir. Bu, Rusiyanın da yararınadır, çünki Moskva ilə Çin müttəfiq olsalar da, Kreml Pekinin böyüməsini cilovlamağa maraqlıdır. Digər yandan, ABŞ ilə İran arasında nüvə danışıqlarının tezliyi və intensivliyi ABŞ-Rusiya-Çin arasındakı nüfuz bölgülərini yenidən müəyyənləşdirəcək geosiyasi istiqamətləri də əhatə edəcək. Bu nöqtədə, Ukraynanın necə formalaşacağına İstanbul müzakirələri təsirini göstərəcək. Hərçənd ki, Rusiya-Ukrayna arasında ciddi və həlledici ortaq həll düsturu tapacağı ən azından bir görüş üçün istisna edilir".