Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kalininqrad vilayətinin blokadaya alınması ilə bağlı Qərb siyasətçilərinin bəyanatlarında “ağıl qıtlığı” gördüyünü bildirib.
Teleqraf xəbər verir ki, diplomat brifinq zamanı Baltik dənizi regionundakı perspektivlər barədə Qərb siyasətçilərinin səsləndirdiyi fikirlərə diqqət çəkib.
“Onların Baltiki “alyansın daxili dənizi”nə çevirməkdən danışmaları çox gülməlidir. Bunlar sadəcə xəstə fantaziyalardır, Kalininqrad vilayətinin mümkün blokadası ilə bağlı hansısa sayıqlamalardır, hətta hansısa güc yolu ilə ələ keçirmədən də danışmağa qədər gediblər. Bu bəyanatlarda açıq-aşkar ağıl qıtlığı sezilir.
Rusiya Müdafiə Nazirliyindəki həmkarlarımız və digər aidiyyəti qurumlarla birlikdə müvafiq riskləri nəzərə almağa, qabaqcadan lazımi cavab tədbirlərini işləyib hazırlamağa da məcburuq”, - Zaxarova vurğulayıb.
Diplomat əlavə edib ki, Kalininqradın etibarlı müdafiəsi üçün mövcud olan bütün vasitələrdən, ilk növbədə siyasi-diplomatik xarakterli alətlərdən fəal şəkildə istifadə olunmağa davam ediləcək.
Diplomat həmçinin bildirib ki, Moskva NATO-nun Rusiya regionu yaxınlığında hərbi fəallığının artırılmasını əsassız sayır:
“Təəssüf ki, Baltikdə vəziyyət, regiondakı durum mürəkkəb olaraq qalır. Regionda, o cümlədən ölkəmiz və Kalininqrad vilayətinin sərhədlərinə bilavasitə yaxın ərazilərdə NATO üzvü olan ölkələrin hərbi fəallığının əsassız şəkildə artması davam edir”.
Zaxarovanın iddiasına görə, Rusiyaya qarşı hücum xarakterli aqressiv ssenarilər məşq edilir, Rusiya iqtisadi subyektlərinə qarşı sanksiya təzyiqi gücləndirilir: “Həmçinin Rusiya regionunun fasiləsiz həyat təminatı üçün əlavə çətinliklər yaradılır”.
Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, hər hansı təhdid yaranacağı təqdirdə Moskva Kalininqrad vilayətinə yönəlmiş bütün təhlükələri məhv edəcək.