KİV: Niderlandda "Nestle"nin uşaq qidalarından dörd körpənin halı pisləşib

Niderlandda "Nestle" şirkətinin istehsal etdiyi uşaq qidalarının istifadəsindən sonra azı dörd körpədə sağlamlıq vəziyyətinin pisləşməsi halı qeydə alınıb.

Oxu.Az bu barədə RTL telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, dörd valideyn övladlarını "Nestle" məhsulları ilə qidalandırdıqdan sonra onlarda qusma və ishal kimi simptomların yarandığını bildirərək həkimlərə müraciət ediblər.

Bununla belə, xəstəliklə konkret məhsul arasında birbaşa əlaqənin hələlik qəti şəkildə təsdiqlənmədiyi vurğulanır. Həkimlər isə qida zəhərlənməsinə səbəb olan toksinlər ifraz etmək qabiliyyəti ilə tanınan "Bacillus cereus" bakteriyası ilə yoluxma ehtimalını irəli sürüblər.

Məhz bu bakteriyanın izlərinin bəzi uşaq qidaları nümunələrində aşkar edilməsi "Nestle" tərəfindən genişmiqyaslı məhsul geri çağırılmasına səbəb olub.

Nestle

Niderland