KİV: Tramp İranda hakimiyyəti ələ keçirmək üçün kürdlərlə danışıqlar aparır

ABŞ Prezidenti Donald Tramp Tehranda mövcud hökuməti devirmək üçün müxalif qüvvələri silahlandırmağı düşünür.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti adı çəkilməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, 1 martda Tramp İraq-İran sərhədi boyunca qüvvələri cəmləşmiş kürd liderləri ilə danışıqlar aparıb. Mənbələr qeyd ediblər ki, Prezident Tehranın zəifliyindən istifadə edərək məqsədlərinə çata biləcək yerli liderlərlə əlaqə saxlamağa davam edir.

Nəşrin məlumatına görə, İsrailin İranın qərb bölgələrinə hücumları kürd qüvvələrinin mümkün irəliləyişi üçün yol açmaq məqsədi daşıya bilər.

Məqalədə deyilir ki, hazırda hökumət əleyhinə qruplara silah, kəşfiyyat və ya təlim verilməsi ilə bağlı yekun qərar hələ verilməyib.