ABŞ hərbi qüvvələrini Yaxın Şərqə topladıqca İrana qarşı hərbi əməliyyatın mümkünlüyü şansı daha da artır.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail mediası yazır.
Bildirilir ki, cəmi yeddi gün əvvəl ABŞ Prezidenti Donald Tramp "İranın yeni liderə ehtiyacı olduğunu" bəyan edib. O, həmçinin komandasına hərbi plan hazırlamağı tapşırıb və ABŞ Hərb Nazirliyindən bir sıra variantlar istəyib.
Qeyd olunur ki, ABŞ ordusu artıq yaxın günlərdə İrana hücum edə bilər və bu həftə mümkün hücumuna hazırlıq baxımından çox vacib işlər görülüb. Məlumata görə, İsrailin yüksəkrütbəli hərbi liderləri bu həftə sonu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperlə görüşüblər. Tərəflər müdafiə və hücum əməliyyatlarının koordinasiyasını müzakirə ediblər.
Danışıqlar zamanı ABŞ tərəfi İrana qarşı zərbə ilə bağlı hələlik yekun qərarın verilmədiyini, lakin ABŞ-nin mümkün əməliyyat üçün bütün hazırlıqları başa çatdırdığını bildirib.
Belə bir əməliyyatın baş tutub-tutmayacağı və ya nəticələrinin necə olacağı hələ bəlli olmasa da, Trampın İran rejiminin yüksəkvəzifəli şəxsləri arasındakı əsas hədəflərini müəyyən etmək artıq mümkündür. Siyahıya əsasən uzun illərdir Qərbin sanksiyaları altında olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic" liderləri daxildir. Habelə İran üçün mühüm olan bir sıra strateji obyektlər də siyahıdadır.
Göstərilən hədəflərin siyahısı: ölkənin Ali lideri Əli Xameneyi, SEPAH-ın yeni komandanı Məhəmməd Pakpur, Fövqəladə qərargahın rəhbəri Qulaməli Rəşid, ordu komandanı Əmir Hatəmi, ordu və SEPAH-ın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi, "Bəsic" qüvvələrinin komandanı Qulamrza Süleymani, "Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani və Xameneyinin müşaviri Əli Şəmxani.