Klintonlar "Epşteyn işi" üzrə ifadə verməkdən imtina etdilər

ABŞ-nin keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı Hillari Klinton azyaşlıların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi üzrə ifadə vermək üçün ABŞ Konqresinə gəlməkdən imtina ediblər.

Oxu.Az bildirir ki, bu barədə "The New York Times" qəzeti xəbər verir.

Məlumata əsasən, Klintonlar ötən gün Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin sədri Ceyms Komerə məktub ünvanlayıblar. Məktubda hüquqşünasların təhlilinə istinadən qeyd olunub ki, onlar barəsindəki çağırış vərəqəsi "hüquqi baxımdan icraolunmazdır".

Onlar həmçinin ifadə vermələri ilə bağlı yaranmış vəziyyətin siyasi motivli təqib olduğunu bəyan ediblər.

Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmışdı. Bir neçə ay sonra isə o, Nyu-York həbsxanasında intihar etmişdi.