Krakovun mərkəzində atəş açan şəxs xəstəxanada ölüb

Polşanın Krakov şəhərinin mərkəzində noyabrın 7-də insanlara atəş açan şəxs saxlanılarkən aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib.

Sherg.az xəbər verir ki, bu barədə Malopolska Voyevodalığının polis idarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, dəbilqə və gülləkeçirməz jilet geyinmiş silahlı şəxs qara avtomobillə Krakovun əsas bazar meydanına daxil olaraq, yoldan keçənlərə və tramvaya atəş açıb. Hadisə nəticəsində 6 nəfər ölüb, azı 15 nəfər yaralanıb.

Hadisə yerindən qaçmağa çalışan hücumçu başqa avtomobillə toqquşub və polis əməkdaşı tərəfindən güllələnib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən şəxs qanuni olaraq odlu silaha sahib olan və atıcılıq klubunun üzvü olan 24 yaşlı Polşa vətəndaşıdır. Cinayətin motivləri hələlik məlum deyil.