Böyük Britaniya Kralı III Çarlz Milad Günü ilə bağlı ənənəvi müraciətində ictimaiyyəti bayram dövründə rəqəmsal detoks etməyə, tempi azaltmağa ailə, dostlar, qonşularla daha çox ünsiyyətə vaxt ayırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, III Çarlz bildirib ki, müasir dünyada həyat getdikcə daha sürətlə dövr edir və bu proses xüsusilə gənclər üçün ciddi rəqəmsal yüklənmə yaradır. Onun sözlərinə görə, sosial mediadan bir qədər uzaqlaşmaq, ətrafımızdakı insanları daha yaxından tanımaq və yeni dostluqlar qurmaq daxili rahatlıq üçün vacibdir.
Bu, Kralın hakimiyyəti dövründə Milad müraciətini iqamətgahından kənarda lentə aldığı ikinci haldır. Bu il çıxış Vestminster Abbatlığında yerləşən Kral ailəsinin minillik mənəvi mərkəzi hesab olunan və 15 Kral və Kraliçanın məzarının yerləşdiyi VII Henrix kapellasında çəkilib.