Kremldən yumşalma siqnalı: ABŞ-ın addımları xoşumuza gəlir

ABŞ Prezidenti Tramp bir neçə ay əvvəl Hindistanın Rusiyadan neft idxalını davam etdirməsi halında iqtisadi sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq etmişdi. Tramp Hindistandan idxal olunan məhsullara tətbiq edilən 25 faizlik gömrük rüsumunun 24 saat ərzində ciddi şəkildə artırıla biləcəyini də bildirmişdi. Həmin açıqlamalardan aylar sonra isə Kremlin sözçüsü Dmitri Peskov Hindistanın özünə uyğun olan mənbələrdən enerji aldığına diqqət çəkərək deyib: “Anladığımız qədərilə hind tərəfdaşlarımız iqtisadi maraqlarını qorumaq üçün bu istiqamətdə siyasət yürüdəcəklər.”

Sherg.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında şiddətli döyüşlər davam etdiyi bir vaxtda, ABŞ-nin Rusiyaya qarşı ticarət yönümlü təzyiqləri də sürür.

Aylar əvvəl Tramp Hindistanın Rusiya ilə enerji ticarətini davam etdirməsini tənqid edərək bunun Ukraynadakı müharibəni “alovlandırdığını” iddia etmişdi. ABŞ Prezidenti “Onlar müharibə maşınını gücləndirirlər və belə davam etsələr, bundan məmnun olmayacağam” demişdi.

Bu gün isə Kremlin sözçüsü Dmitri Peskov Hindistanın özünə uyğun olan mənbədən enerji tədarük etdiyini bir daha vurğulayaraq deyib: “Anladığımız qədərilə hind tərəfdaşlarımız iqtisadi maraqlarını qorumaq üçün bu siyasəti davam etdirəcək.”

Peskov Moskvada jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.

Rusiyanın dövlət başçısı Vladimir Putin ilə Hindistanın Baş naziri Narendra Modi arasında Rusiya neftinin tədarükü ilə bağlı razılıq əldə olunub-olunmaması barədə suala cavab verən Peskov deyib: “Hindistan suveren dövlət olaraq xarici ticarətini özü idarə edir və özünə sərf edən mənbədən enerji alır. Anladığımız qədərilə onlar iqtisadi maraqlarını qorumaq üçün bu siyasəti davam etdirəcəklər.”

Peskov ABŞ-la münasibətlərdən də danışıb: “Aramızdakı problemləri aradan qaldırmaq, ikitərəfli münasibətləri yaxşılaşdırmaq və dərin böhrandan çıxarmaq üçün imkanlar yarana bilər.”

O əlavə edib ki, ABŞ-ın yenilənmiş milli təhlükəsizlik strategiyası onların xoşuna gəlib: bu sənəddə ölkələrlə dialoqun vacibliyi və konstruktiv münasibətlərin qurulmasına ehtiyac olduğu vurğulanır.

Peskov həmçinin Ukrayna böhranının həlli prosesinə də toxunub. O xatırladıb ki, Rusiya Prezidenti Putin 2 dekabrda ABŞ Prezidenti Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerlə görüşüb.

Peskov bildirib: “Vitkoff və Kuşner Moskvada əldə olunan nəticələr əsasında (Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm) Umerovun başçılıq etdiyi heyətlə iş aparıblar. Bu işin nəticələrinin nə olduğunu anlamağımız mühümdür.”

Peskov prosesin qapalı şəkildə aparılmalı olduğunu bildirərək deyib: “Tərəflər anlayır ki, işlər sakitlikdə aparılmalıdır. Əks halda bu, konstruktiv olmaz.”