Lavrovun SSSR köynəyi: Kreml hələ də imperiya xülyasındadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya və ABŞ liderlərinin görüşünün keçiriləcəyi Alyaskaya üzərində “SSRİ” yazılmış köynəklə səfər edib. Lavrovun bu hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Rusiyanın görüş öncəsi bu köynəklə mesaj verdiyi iddia edilib. Rusiyanın Strateji Təşəbbüslər Agentliyi bildirib ki, Lavrovun köynəyi Çelyabinskdə fəaliyyət göstərən "SelSovet" brendinə məxsusdur. 
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, S.Lavrovun Alyaskaya üzərində “SSSR” yazılmış köynəklə gəlməsi Rusiyanın imperialist düşüncəsindən və keçmiş sovet sərhədlərini bərpa etmək xülyasından əl çəkmədiyini göstərir. Ekspertin sözlərinə görə, bu, Kreml rəhbərliyinin hələ də “böyük sovet məkanını” diriltmək kimi təhlükəli bir ideyaya bağlı olduğunu və bu istiqamətdə simvolik mesajlar verməkdən çəkinmədiyini ortaya qoyur:
 "Putin administrasiyasının məqsədi təkcə Krımı ilhaqı ilə kifayətlənməyib. Rusiyanın planı Ukraynanın digər üç vilayətini də zorla işğal edib Rusiyaya birləşdirməkdir. Bu plan həm regionun siyasi sabitliyini pozur, həm də müasir beynəlxalq münasibətlər sistemində qəbul edilmiş qaydaları alt-üst edir. Belə bir addım beynəlxalq hüququn kobud şəkildə pozulması və Avropada təhlükəsizliyə açıq təhdiddir. Ukraynanın taleyi yalnız onun seçilmiş rəhbərliyinin iştirakı ilə müzakirə olunmalıdır. Prezident Zelenskinin mövqeyini kənara qoyaraq gizli danışıqlar aparmaq qəbulolunmazdır. Bu cür addımlar, faktiki olaraq, Ukraynanın dövlət suverenliyini və xalqın iradəsini görməzdən gəlmək deməkdir".
S.Əsədli ümid edir ki, ABŞ Prezidenti Donald Tramp ədalətli mövqe nümayiş etdirəcək:
 "Trampın Ukraynanın ərazi bütövlüyü və milli maraqlarının qorunması istiqamətində qətiyyətli duruş sərgiləyəcəyini düşünürəm. Bölgədə ədalətli sülhün bərqərar olması üçün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi və güc siyasətindən imtina etməsi vacibdir. Sülh, sabitlik və beynəlxalq hüququn üstünlüyü yalnız bu prinsipial yanaşma ilə təmin oluna bilər".