Litvanın Ukraynaya hərbi yardımı 1 milyard avronu ötüb

Litvanın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi həcmi 1 milyard avronu keçib.

Teleqraf xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda bəyan edib.

Dövlət başçısının mətbuat xidməti onun sözlərindən sitat gətirib: "Litva Ukraynanın ən fəal müttəfiqlərindən biri olaraq qalır və ümumi hərbi yardımın məbləği 1 milyard avronu ötüb".

Prezident vurğulayıb ki, 2025-ci ildə bu dəstəyin həcmi ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 0,28%-ni təşkil edib: "Bu göstərici bizim üzərimizə götürdüyümüz öhdəliklərdən daha yüksəkdir".

Xatırladaq ki, rəsmi Vilnüs 2024-cü ildə Ukraynanın müdafiə və təhlükəsizlik ehtiyacları üçün hər il milli ÜDM-in 0,25%-ni (təxminən 190 milyon avro) ayırmaq barədə öhdəlik götürmüşdü.

G.Nauseda qeyd edib ki, Litva digər vədlərini də yerinə yetirməkdə qərarlıdır: "Biz beynəlxalq missiyalar çərçivəsində Ukraynaya sursat tədarükünü və minatəmizləmə üzrə beynəlxalq koalisiyada iştirakımızı davam etdirəcəyik".