Macarıstan və Slovakiya Ukraynanın “Drujba” neft kəməri ilə tədarükü bloklamasından sonra Rusiya neftinin Adriatik boru kəməri ilə daşınmasına icazə verilməsi üçün Xorvatiyaya müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirib.
Nazir “Facebook” sosial şəbəkəsində yazıb ki, siyasi səbəblərə görə Ukrayna hələ də “Drujba” kəməri ilə neft tədarükünü bərpa etmir. Onun sözlərinə görə, Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova ilə birlikdə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyara məktub göndərərək, Adriatik boru kəməri vasitəsilə Rusiya neftinin Macarıstan və Slovakiyaya daşınmasına dərhal icazə verilməsini xahiş ediblər.
Siyyarto qeyd edib ki, belə bir icazə Avropa İttifaqının qaydalarına uyğun verilməlidir, çünki daha əvvəl Macarıstan və Slovakiyaya Aİ sanksiyalarına baxmayaraq, istisna olaraq Rusiyadan neft almağa davam etməyə icazə verilib. Onun sözlərinə görə, əgər neftin boru kəməri ilə daşınması mümkün deyilsə, bu halda iki ölkə dəniz yolu ilə gətirilən Rusiya neftini ala bilər.
Nazir vurğulayıb ki, istənilən ölkənin, o cümlədən Macarıstanın enerji təminatının təhlükəsizliyi ideoloji məsələ ola bilməz. O əlavə edib ki, Xorvatiyanın Ukraynadan fərqli olaraq siyasi səbəblərlə Macarıstan və Slovakiyaya neft tədarükünün təhlükəsizliyini risk altına qoymayacağına ümid edirlər.