Maduronun saxlandığı həbsxanada neçə məhbusun olduğu açıqlandı

ABŞ-nin Nyu-York şəhərində, Bruklin rayonundakı həbsxanada Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ilə birlikdə daha 1 319 məhbus saxlanılır.

Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu rəqəm ABŞ Federal Həbsxanalar Bürosunun məlumatlarında yer alıb.

Qeyd edilir ki, Maduro bu həbsxanaya düşən ilk Latın amerikalı siyasətçi deyil. 2022-ci ilin aprelində Hondurasın eks-prezidenti Xuan Orlando Ernandes bu həbsxanaya yerləşdirilmişdi. 2020-ci ildə isə orada Meksikanın keçmiş ictimai təhlükəsizlik naziri Xenaro Qarsiya Luna saxlanılırdı.

2024-cü ilin sentyabrında həmin həbsxanaya amerikalı reper P.Diddi (Şon Kombs), kriptovalyuta milyarderi və FTX birjasının qurucusu Sem Benkman-Frid və digərləri köçürülüb.