Maduronun saxlanıldığı əməliyyat zamanı 80 nəfər ölüb

Venesuela ordusu Delsi Rodrigesə dəstək verdi, Tram isə açıq təhdid etdi

ABŞ prezidenti Donald Tramp, Venesuela ordusunun dəstək verdiyi Delsi Rodrigeslə bağlı sərt açıqlama verib.

Sherg.az xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, Venesueladan adı açıqlanmayan rəsmi şəxs ABŞ-ın ölkədə həyata keçirdiyi hərbi müdaxilə nəticəsində ölənlərin sayı ilə bağlı açıqlama verib. Bildirilib ki, Maduronun saxlanıldığı əməliyyat zamanı həyatını itirənlərin sayı 80-ə yüksəlib və bu rəqəmin arta biləcəyi istisna edilmir.

Venesuelanın xarici işlər naziri İvan Hil dəqiq rəqəm açıqlamasa da, ABŞ-ı əsgər və mülki şəxsləri qətlə yetirməklə Maduronu qaçırmaqda ittiham edib. Nazir bu addımın BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və əsas insan hüquqlarına zidd olduğunu bildirib.

Venesuela xarici işlər naziri İvan Hil Latın Amerikası və Karib Dövlətləri Birliyinin (CELAC) fövqəladə Xarici İşlər Nazirləri Zirvəsində çıxış edib. O, BMT Nizamnaməsinin, beynəlxalq humanitar hüququn, əsas insan hüquqlarının və vəzifədə olan dövlət başçısının toxunulmazlığının pozulduğunu vurğulayıb.

ABŞ-ın niyyətlərinə toxunan Hil bildirib:

“Artıq maskalar düşüb. Onların əsas marağının təbii sərvətlər – neft, su və regionun bioloji müxtəlifliyi olduğu açıq şəkildə görünür.”

Nazir qeyd edib ki, bu hücum təkcə Venesuelaya deyil, bütün Latın Amerikası və Karib hövzəsinə yönəlib:

“Bu gün Venesuela, sabah başqa bir ölkə ola bilər.”

Hil CELAC-ın tarixi məsuliyyət daşıdığını bildirərək, səssiz qalmağın bu addımları dolayısı ilə təsdiqləmək mənasına gəldiyini deyib və Maduronun ölkənin legitim dövlət başçısı olduğunu vurğulayaraq, onun və həyat yoldaşının dərhal azad olunmasına çağırış edib.

Venesuela Silahlı Qüvvələri Nikolas Maduronun ABŞ tərəfindən saxlanılmasından sonra Venesuela Ali Məhkəməsinin (TSJ) dövlət başçısı vəzifəsinə müvəqqəti olaraq vitse-prezident Delcy Rodrigesin təyin edilməsini dəstəklədiyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp isə Amerika mətbuatına verdiyi müsahibədə Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigesi açıq şəkildə hədələyib. Tramp bildirib:

“Əgər o, doğru olanı etməzsə, çox ağır bədəl ödəyəcək – ehtimal ki, Madurondan da ağır.”

Tramp əlavə edib ki, Venesuela ABŞ-ın müdaxiləsinə məruz qalan son ölkə olmaya bilər.

O, daha əvvəl böyük rezonans doğuran Qrenlandiya ilə bağlı fikirlərini də təkrarlayaraq bildirib:

“Qrenlandiyaya mütləq ehtiyacımız var.”

Tramp iddia edib ki, Danimarkaya məxsus Qrenlandiya “Rusiya və Çin gəmiləri ilə əhatə olunub” və adanın ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.