Donald Tramp ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuela Prezidenti Nikolas Maduroya qarşı əməliyyatını Mar-a-Laqo malikanəsindən izləyib. Onun yanında əməliyyatda əsas memarlarından olan Dövlət katibi və Milli Təhlükəsizlik müşaviri Marko Rubio da olub.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kanal vurğulayır ki, Rubio üçün bu əməliyyat uzun bir siyasi mübarizənin nəticəsi olub.
"Kubalı immiqrantların oğlu və Cənubi Floridadan olan siyasətçi kimi, o, uzun müddətdir ki, Maduronu əsas hədəf hesab edirdi və mənbələrə görə, onun həbsinə səbəb olan strategiyanın əsas memarı olub. Tramp Venesuelanın idarəçiliyinin məsuliyyətini Rubioya həvalə etdiyini açıqlayıb. Bu, əməliyyatda Rubionun müstəsna rolunun olduğunu düşünməyə imkan verir" - məqalədə qeyd olunur.
Bildirilir ki, əməliyyat bir neçə aya hazırlanıb. Rubio bu məsələdə Ağ Evin siyasət üzrə müavini Stiven Miller ilə sıx əməkdaşlıq edib. Müzakirələrin əksəriyyəti ənənəvi diplomatik strukturlardan kənarda, Dövlət Departamentinin minimal iştirakı ilə baş tutub.
"Rubio və Miller, əvvəlki fikir ayrılıqlarına baxmayaraq, Venesuelaya sərt yanaşma barədə razılığa gəliblər. Strategiyanın əsas səbəbi narkotik qaçaqmalçılığına qarşı mübarizə idi və Maduro cinayətkar müəssisənin rəhbəri hesab olunurdu. Nəticədə hərbi əməliyyatlar yolu ilə Amerikanın bölgədəki mövcudluğu gücləndirildi. Maduro həbsindən sonra Rubio Venesuelanın hazırkı Prezidenti Rodrigezlə birbaşa əlaqə qurub" - məqalədə bildirilir.
O da qeyd olunur ki, Rubionun Venesuelaya şəxsi yanaşması əsasən onun keçmişi və Floridadakı siyasi mühitlə bağlı olub. O, əvvəllər Venesuela müxalifətinin fəal tərəfdarı olub, lakin son dövrlər onlara dəstəyini dayandırıb.
Ağ Ev Venesuelanın hazırkı rəhbərliyinə vəziyyəti dəyişmək üçün fürsət verib. Karakas Vaşinqtonun şərtlərini yerinə yetirəcəkmi, arzuladığı hökumətu quracaqmı? Bunu zaman göstərəcək