İtaliyanın Baş naziri Corciya Meloni bildirib ki, hökumət ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı missiyalarda NATO müttəfiqlərinin rolunu kiçiltdiyinə dair açıqlamalarını qəbuledilməz hesab edir.
Teleqraf xəbər verir ki, Baş nazir İtaliya hökumətinin saytında dərc olunmuş açıqlamasında qeyd edib: "İtaliya hökuməti Prezident Trampın NATO müttəfiqlərinin Əfqanıstandakı əməliyyatlarla bağlı açıqlamalarından təəccüblənir. Təxminən iyirmi illik iştirak müddətində ölkəmiz danılmaz bir xidmət göstərib. Döyüş əməliyyatları, təhlükəsizlik missiyaları və əfqan qüvvələrinin təlimi zamanı 53 italyan əsgəri həlak olub və 700-dən çoxu yaralanıb. Bu səbəbdən, NATO ölkələrinin Əfqanıstandakı töhfəsini kiçildən açıqlamalar, xüsusən də müttəfiqdən gəldikdə, qəbuledilməzdir".
Açıqlamada qeyd olunur ki, 11 sentyabr 2001-ci il terror hücumlarından sonra NATO tarixində ilk dəfə Şimali Atlantika Alyansı Nizamnaməsinin 5-ci maddəsini tətbiq edib: "Terrorizmi alovlandıranlara qarşı İtaliya dərhal müttəfiqləri ilə birlikdə cavab verdi. İtaliya və ABŞ-ı birləşdirən davamlı dostluq çoxsaylı mövcud çətinliklər fonunda vacibdir və Şimali Atlantika Alyansının əsasını təşkil edən həmrəyliyi qorumaq üçün əsas olan hörmət tələb edir".