Özlərini insan haqlarının müdafiəçisi adlandıran xarici düşmənlərimiz bizə təzyiq göstərirlər, amma İran xalqımızın sayəsində güclüdür.
Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Tehranda keçirilən ictimai mitinqdə çıxış edən Məsud Pezeşkian qeyd edib ki, İran əleyhdarları sanksiyalar vasitəsilə ölkənin tərəqqisinə mane olmağa çalışırlar.
"Genişmiqyaslı cinayətlər və qırğınlar törədənlər indi insan haqları müdafiəçiləri olublar... Qəzza, Livan və Fələstindəki humanitar böhranlar davam edir. Qadınlar, uşaqlar, yaşlılar və bütün mülki şəxslər ayrı-seçkilik edilmədən bombalanır, cinayətkarlar isə insan hüquqlarından danışırlar. Bu, həqiqətən də fəlakətli bir vəziyyətdir" - Pezeşkian qeyd edib.
İran prezidenti vurğulayıb ki, administrasiya, parlament, şuralar və digər qurumlar da daxil olmaqla bütün dövlət qurumları ictimaiyyətlə sıx əlaqədə qalmalıdır: "Tələbələr milli sərvətimizdir. Xalqı dinləmək və onların problemlərini həll etmək üçün çalışmaq hökumətin məsuliyyətidir".
Pezeşkian həmçinin hökumətin şəffaflığa sadiqliyini vurğulayaraq, medianı və nəzarət orqanlarını vəzifəli şəxslərin fəaliyyətini yaxından izləməyə çağırıb.