Moldovanın seçicisi ideologiyadan çox çörəyi düşünür
Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, PAS bülletenlərin 99.47 faizinin sayılmasından sonra 49.9 faiz səs alıb. Onun rəqibi, keçmiş Prezident İqor Dodonun rəhbərlik etdiyi "Vətənpərvər blok" isə 24,28 faiz səslə ikinci olub. "Alternativ" bloku 7.99, "Bizim Partiya" 6.22, "Demokratiya evdədir" Partiyası isə 5.63 faiz səs toplayıb. Bununla da, Maya Sandunun partiyası parlamentdə 51 yer alaraq, təkbaşına hökumət formalaşdırmaq üçün böyük üstünlük qazanıb. Ekspertlərə görə, Sandunun rəhbərlik etdiyi PAS-ın qələbəsi ölkənin siyasi gələcəyi baxımından həm sabitlik, həm də idarəetmə baxımından ciddi fürsətdir. Bundan başqa, bu qələbə həm də Rusiya-Qərb qarşıdurması kontekstində açıq bir mövqe deməkdir.
Politoloq Zaur Məmmədov Sherg.az-a deyib ki, müasir dövrdə bəzi dövlətlərdəki seçkilər daxili auditoriya ilə bərabər xarici qüvvələri bəlkə daha çox maraqlandırır və burada xalq ayrı-ayrı qlobal oyunçuların maraq obyektinə çevrilir. Ekspertə görə, Ermənistanda, Moldovada, Gürcüstanda keçirilən parlament seçkiləri bu qəbildəndir:

"Ən vacib mövzulardan biri Moldovadakı parlament seçkiləri idi. Sentyabrın 28-də baş tutan seçkilər ölkənin gələcək yolunu faktiki müəyyən etməkdədir. Növbəti dörd il üçün seçiləcək parlament ya ölkəni 2024-cü il iyunun 25-də rəsmi üzvlük danışıqları açılan Avropa İttifaqına doğru aparacaq. Ya da Rusiya ilə münasibətlərin inkişafını dəstəkləyən qüvvələrin gəlməsi ilə Aİ-yə inteqrasiya prosesi dondurulacaqdı. Proqnozlaşdırıldığı kimi bu dəfə parlamentə 4 deyil, 5 partiya daxil olmaqdadır. İndiki ölkə lideri M.Sandu 50 faiz civarında səs toplayaraq ilk yeri qazanıb. Renat Usatovun “Bizim Partiya” partiyası da 6,2 faiz səslə parlamentə daxil oldu. Sürprizi isə Vasili Kostyukun “Evdə Demokratiya” Partiyası etdi, seçki kampaniyasını hökumət rəsmilərini tənqid edən "TikTok" videoları üzərində quran bu partiya səslərin 5,6 faizini toplayaraq minimal barajı keçə bildi. Seçkilərdən əvvəl istər hökumət, istərsə də müxalifət kütləni səfərbər etmək üçün kəskin bəyanatlar verməklə məşğul idilər. Ölkə Prezidenti Sandu Rusiyanı Moldovadakı seçkilərə müdaxilə etməkdə günahlandıraraq əgər "onlar" qalib gəlməsə, Kremlin bu ölkədə oturacağını və Odessaya hücum edəcəyini bildirmişdi. Öz növbəsində keçmiş Prezident İ.Dodon hakimiyyəti seçkilərə müdaxilədə günahlandırmaqda hələ də davam edir".
Analitik qeyd edib ki, budəfəki seçkilər 1 il əvvəl baş tutan prezident seçkiləri və referendum kimi faktiki olaraq eyni nəticələri göstərdi:
"Həmin dövrdə Avropadakı diasporanın hesabına son anda hakim partiya qalib gəlməyi bacarmışdı. Maraqlısı budur ki, həmin dövrdə də, ötən gün keçirilən seçkilərdəki kimi əhalinin demək olar yarısı proseslərdən uzaq qalmağa üstünlük verib. Partiyalar arasında ideoloji fərqlərin kəskinləşdiyi seçkilərdə “qərarsız” seçicilərin sayı azalmadı. Bunun bir neçə səbəbi ola bilər. Birincisi, əhali geosiyasi seçim kimi məsuliyyətli addımdan qaçaraq gündəlik çağırışlar haqqında düşünür. Yüksək inflyasiya, enerji qiymətləri, həyat xərclərinin artması insanları daha çox konkret maddi və sosial məsələlərə yönəltmiş ola bilər, ideoloji-siyasi seçimlər ikinci planda qala bilər. Digər tərəfdən, əhalinin bir hissəsi seçkinin nəticələrinin öz sosial durumlarına dərhal fayda gətirməyəcəyini düşünə bilər. Sorğular da göstərirdi ki, yerli seçicilərin böyük hissəsi hələ seçkilərdə necə səs verəcəyini qərarlaşdırmamışdı və ya səs verməyi düşünməyənlər arasında narazılıq və ümidsizlik var idi. Beləliklə, Moldovada ölkənin gələcəyi, milli indentiklik, xarici siyasətlə bağlı baxış bucağında kəskin qütbləşmə var və cəmiyyət faktiki olaraq iki yerə parçalanıb. Bu parçalanma həm regional xətt üzrə (şəhər-kənd, mərkəz-periferiya), həm də nəsillər arasında özünü göstərir".