Köhnə dünya nizamı ilə oynayanlara xəbərdarlıq: “The Guardian” real təhlükələrə işarə edir -ŞƏRH

Venesueladakı əməliyyat ABŞ-nin gözlənilməz və riskli qərarlara hazır olduğunu göstərdi

İranda “sabah raket” yox, “sabah xaos” ssenarisi daha realdır

Tural İsmayılov: Danimarka və Qrenlandiya məsələsi isə başqa liqadır

"The Guardian" ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra növbəti potensial hədəflərin İran və Danimarka ola biləcəyini yazıb. Nəşrin qeyd etdiyinə görə, Venesuelada bir gecə ərzində baş verən hadisələr ABŞ Prezidenti Donald Trampın radikal addımlar atmağa hazır olduğunu bəyan etdiyi ölkələrin hökumətlərində ciddi narahatlıq yaradacaq.

Məqalədə bildirilib ki, son günlər Tramp ABŞ-nin İranda hökumət əleyhinə etiraz edənləri dəstəkləməyə hazır olduğunu açıq şəkildə dilə gətirib. Bununla yanaşı, nəşr amerikalı rəsmilərin Qrenlandiyanın “istənilən vasitə ilə ələ keçirilməsi” ilə bağlı hədələr səsləndirməyə davam etdiklərini vurğulayır.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ-nin Venesuelaya zərbələri fonunda növbəti hədəfin Qrenlandiya olub-olmayacağı sualını gündəmə gətirmişdi.

Mövzunu şərh edən Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri, politoloq Tural İsmayılov "Sherg.az" a açıqlamasında “The Guardian”ın bu iddialarını emosional başlıq ovçuluğu kimi kənara atmaq sadəlövhlük olar. Lakin politoloq onu da qeyd edib ki, bu məlumatları sabah başlayacaq müharibələrin xəritəsi kimi oxumaq da şişirtmədir:

"Burada əsas məsələ hədəflərin özü yox, Vaşinqtondan verilən psixoloji və siyasi siqnaldır. Venesuelada bir gecəlik əməliyyat ABŞ-nin “uzun diplomatiya” mərhələsini keçib sürətli, gözlənilməz və riskli qərarlara hazır olduğunu göstərdi. Bu isə klassik Amerika xarici siyasətindən daha çox Tramp üslubudur: əvvəl şok, sonra izah. İran məsələsi realdır və yeni deyil. ABŞ-nin İranda etirazları açıq şəkildə dəstəkləməsi hərbi müdaxilədən çox təzyiq alətidir. Burada məqsəd rejimi zəiflətmək, daxili sabitliyi sarsıtmaq və Tehranı regional manevr imkanlarından məhrum etməkdir. Yəni “sabah raket” yox, “sabah xaos” ssenarisi daha realdır".

T. İsmayılovun fikrincı Danimarka və Qrenlandiya məsələsi isə başqa liqadır:

"Burada söhbət müharibədən yox, geosiyasi absurdla qarışıq strateji mesajdan gedir. Qrenlandiya resurslar, Arktika marşrutları və Çin-Rusiya balansı baxımından kritikdir. “İstənilən vasitə” ifadəsi isə hüquqi yox, siyasi blefdir – Trampın alışdığımız şou diplomatiyası. Bir sözlə, “The Guardian” real təhlükələrə işarə edir, amma bunlar klassik işğal planları deyil. Bu, daha çox Vaşinqtonun dünyaya verdiyi mesajdır: “Qaydalar dəyişib, səbr azalıb, risk artıb.” Köhnə dünya nizamı ilə oynayanlar üçün xəbərdarlıqdır. Kim bunu zarafat sayırsa, geopolitikanı "TikTok" sürətində oxuyur".