Netanyahu bazar ertəsi Trampla görüşəcək

İsrailin Baş naziri Binyamin Netanyahu bazar günü ABŞ-yə səfər edəcək və bir gün sonra Floridada Prezident Donald Trampla görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə İsrail rəsmisi AFP-yə bildirib.

Bu, Netanyahunun Trampla görüşmək üçün bu il ABŞ-yə edəcəyi beşinci səfərdir. Onun səfəri Tramp administrasiyası və regional vasitəçilərin Qəzza zolağında İsrail ilə HƏMAS arasında atəşkəsin ikinci mərhələsi üçün səy göstərdiyi bir vaxta təsadüf edir.

Tramp dekabrın ortalarında jurnalistlərə bildirib ki, Netanyahu Milad tətilində onu Floridada ziyarət edəcək. "O, məni görmək istəyir. Biz bu barədə rəsmi olaraq razılığa gəlməmişik, amma o, məni görmək istəyir".

İsrail mediasının məlumatına görə, görüşdə İran, İsrail-Suriya təhlükəsizlik sazişi üzrə danışıqlar, Livanda Hizbullahla atəşkəs və Qəzza sazişinin növbəti mərhələləri də daxil olmaqla geniş regional məsələlər müzakirə olunacaq.