Norveç polisi paytaxt Oslo şəhərində yerləşən ABŞ səfirliyi yaxınlığında baş verən partlayışın terror aktı ola biləcəyini istisna etmir.
APA xəbər verir ki, bu barədə AlJazeera məlumat yayıb.
Hadisə gecə saatlarında baş verib, nəticədə xəsarət alan olmayıb və yalnız cüzi maddi ziyan qeydə alınıb.
Oslo polisinin istintaq bölməsinin rəhbəri Frode Larsen bazar günü keçirilən mətbuat konfransında bildirib ki, hadisə mövcud təhlükəsizlik vəziyyəti fonunda qiymətləndirilir və səfirliyin qəsdən hədəf alınmış hücum ola biləcəyi ehtimalı nəzərdən keçirilir.
“Ehtimallarımızdan biri bunun terror aktı olmasıdır, lakin digər versiyaları da araşdırırıq”, – deyə Larsen Norveçin NRK dövlət televiziya kanalına bildirib. O əlavə edib ki, istintaq yalnız bir versiya üzərində dayanmayıb və baş verən hadisənin başqa səbəbləri də ola bilər.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, partlayışdan sonra küçə qalın tüstü ilə örtülüb. Partlayış Oslo şəhərinin qərbində yerləşən səfirlik kompleksində, konsulluq bölməsinin girişinə yaxın ərazidə yerli vaxtla saat 01:00-da baş verib.
Hazırda hadisə ilə bağlı şübhəli şəxslər müəyyən edilməyib. Polis bir və ya bir neçə mümkün şübhəlini axtarır və istintaq çərçivəsində ABŞ səfirliyi ilə sıx əməkdaşlıq edir.
Norveçin xarici işlər naziri Espen Bart Eide isə açıqlamasında bildirib ki, hökumət səfirlik rəsmiləri ilə əlaqə saxlayıb və baş verən hadisənin “qəbuledilməz olduğunu və çox ciddi qəbul edildiyini” vurğulayıb.