
Nüvə apokalipsisi ideyası dünya ictimaiyyətini daim gərginlik altında saxlayır -ANALİZ
13:37 11.06.2025
Dünya
575
ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard bəyan edib ki, hazırda dünya nüvə münaqişəsi və bunun nəticəsində insanlığın məhvi təhlükəsi ilə üz-üzədir. Bu barədə o, şəxsi "YouTube" kanalında yayımlanan çıxışı zamanı danışıb. Qabbard bildirib ki, bu gün biz nüvə məhvinə hər zamankından daha yaxınıq.
Onun sözlərinə görə, siyasi elita və müharibə tərəfdarları məsuliyyətsiz şəkildə nüvə dövlətləri arasında qorxu və gərginlik toxumu səpməklə təhlükəni daha da artırırlar.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Sherg.az-a vurğulayıb ki, bu gün dünyada münaqişələrin və müharibələrin davamlı şəkildə qalmasında maraqlı olan müəyyən siyasi dairələrin olması həqiqətdir:

“Onlar müharibədən müxtəlif məqsədlər üçün istifadə edirlər. Müharibə bu dairələr üçün həm gəlir mənbəyi, həm də Yer kürəsi əhalisinin sayının azaldılması vasitəsi kimi dəyərləndirilir. Buna görə də həmin dairələr münaqişələrin aradan qaldırılmasında maraqlı deyillər. Əksinə, onlar tərəfləri davamlı şəkildə silahlandırır və aralarında barışmaz münasibətləri gücləndirirlər. Bu gün hərbi sənaye elə bir səviyyəyə çatıb ki, qlobal silahlı toqquşma baş verəcəyi təqdirdə nüvə silahından istifadə ehtimalı ciddi şəkildə nəzərdən keçirilir. Dəfələrlə şahidi olmuşuq ki, müxtəlif ölkələrin liderləri nüvə silahının tətbiqi ilə bağlı ehtimalları açıq şəkildə səsləndirirlər. Şübhəsiz ki, bu, son dərəcə təhlükəlidir. Nüvə apokalipsisi ideyası dünya ictimaiyyətini daim gərginlik altında saxlayır. Belə bir vəziyyətdə mövcud münaqişələrin qısa zamanda həll olunması zərurəti yaranır. Ümumiyyətlə, münaqişələr həll edilməlidir, çünki onlar sonsuzadək davam edə bilməz. Lakin təhlükəli silahlı qarşıdurmaların davamlılığı artıq ciddi qlobal təhdidlərdən xəbər verir. Diqqət yetirsək görərik ki, hazırda dünyanın ən ciddi münaqişə ocaqları ətrafında nüvə silahına sahib olan ölkələr yerləşir. Məsələn, Rusiya-Ukrayna müharibəsi, bir müddət əvvəl baş vermiş qısa müddətli Hindistan-Pakistan savaşı və ya Yaxın Şərqdəki silahlı qarşıdurmalar buna nümunədir. Xüsusilə NATO ilə Rusiya arasındakı münasibətlərin gərgin xarakter daşıması bu təhlükəni bütün ciddiliyi ilə ortaya qoyur. Əgər tərəflər, heç olmasa, taktiki səviyyədə də olsa, nüvə silahı tətbiq etsələr, bu olduqca acı nəticələrə səbəb ola bilər”.
Ekspert söyləyib ki, aparılan hesablamalara görə, əgər nüvə silahının tətbiqi ilə qlobal miqyaslı qarşıdurma baş verərsə, bu, bəşəriyyətin demək məhvinə gətirib çıxarar:
“Bu baxımdan Tulsi Qabbardın səsləndirdiyi fikirlər olduqca düşündürücüdür və reallıq payı kifayət qədər yüksəkdir. Buna görə də bu gün dünyada təsir gücünə sahib olan ölkələr münaqişə vəziyyətlərinin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atmalıdırlar. Məsələn, bu kontekstdə Donald Trampın yanaşmasını kifayət qədər konstruktiv hesab etmək olar. Belə ki, o, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı tərəflərin qısa zamanda atəşkəsə nail olmasını və sülhün bərpasını istəyir. Görünür, Tramp administrasiyası yaxşı anlayır ki, bu münaqişə getdikcə daha təhlükəli xarakter alır və yalnız iştirakçı ölkələri deyil, bütövlükdə bəşəriyyəti ciddi təhdid altına sala bilər. Doğrudan da, bu münaqişə artıq üç ildir davam edir və tərəflər arasında ortaq məxrəcə gəlmək imkanlarının olduqca məhdud olması, onun uzunmüddətli olacağını göstərir. Əgər bu münaqişə davam edərsə, tərəflər daha təhlükəli silahlardan istifadə etmək ehtimallarını açıq şəkildə səsləndirməkdən çəkinmirlər. Bu baxımdan, xüsusilə NATO ölkələri münaqişənin tez bir zamanda dayandırılması istiqamətində iradə nümayiş etdirməlidirlər. Əks halda, münaqişə tərəflərini silahlandırmaqla əksinə, vəziyyət daha da kəskin və nəzarətsiz hala gətirir. Döyüşlər davam etdikcə və tərəflər bir-birlərinə sarsıdıcı zərbələr endirdikcə, arsenalda olan digər dağıdıcı silahların da işə salınması mümkündür. Bu silahlar arasında ən azı taktiki nüvə silahlarının tətbiqi ehtimalı da var ki, bu da münaqişənin daha kəskin və təhlükəli bir fazaya keçməsinə səbəb yaradar. Bu baxımdan hesab edirəm ki, mövcud münaqişələr effektiv şəkildə tənzimlənməzsə, həqiqətən də qlobal təhlükəsizlik üçün çox ciddi risklər ortaya çıxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya