ABŞ-nin keçmiş prezidenti Barak Obama bir podkast proqramının qonağı olub. Söhbət yadplanetlilər mövzusuna gələndə Obama “Onlar gerçəkdir” deyib.
Sherg.az xəbər verir ki, "Brian Tyler Cohen"in podkastına qatılan Obamaya aparıcı belə sual ünvanlayıb:
“Bir ABŞ prezidentinə tez-tez sual vermək imkanım olmur, buna görə bir neçə sualım var. Yadplanetlilər gerçəkdirmi?”
Obama cavabında bildirib:
“Onlar gerçəkdir, amma mən onları görməmişəm və haradasa saxlanıldıqları da doğru deyil.”
Podkast aparıcısı Obamaya tez-tez sui-qəsd nəzəriyyələrinə mövzu olan 51-ci Zona barədə də sual verib. Obama bu barədə deyib:
“Əgər ortada nəhəng bir sui-qəsd yoxdursa və bunu ABŞ prezidentindən gizlətməyiblərsə, yeraltında gizli bir obyekt yoxdur.”
Aparıcı bu dəfə Obamadan soruşub:
“Prezident olduğunuz zaman ilk olaraq hansı sualın cavabını bilmək istəmisiniz?”.
Obama isə zarafatla “Yadplanetlilər haradadır?” cavabını verib. Aparıcı sualı yenidən təkrarlayanda Obama gülərək reaksiya verib.
Obama həmçinin Prezident Donald Trampın "Truth Social" platformasında paylaşılan və onu və həyat yoldaşını meymun kimi təsvir edən videonu da sərt tənqid edib. O, videonu “utancverici bir kloun şousu” adlandırıb.
Keçmiş prezident bildirib ki, bir zamanlar dövlət vəzifəlilərində mövcud olan “utanc” və “nəzakət” anlayışları artıq itib.
Qalmaqala səbəb olan videoda Obama və həyat yoldaşı meymun kimi təsvir edilmişdi və bu, həm Demokratlar, həm də Respublikaçılar tərəfindən geniş tənqid olunmuşdu. Ağ Ev əvvəlcə videonu müdafiə edərək reaksiyaları “saxta qəzəb” kimi qiymətləndirsə də, sonradan paylaşımın bir əməkdaşın təşəbbüsü olduğu bildirilib və video silinib.
Respublikaçılar arasında yeganə qaradərili senator olan Tim Scott bunu “Ağ Evdən gördüyüm ən irqçi şey” kimi dəyərləndirib.
Donald Tramp isə jurnalistlərə videonun Obamaları göstərən hissəsini “görmədiyini” bildirib və üzr istəyib-istəməyəcəyi soruşulduqda, “Mən səhv etməmişəm” cavabını verib.