Özbəkistandakı Azərbaycan şirkətlərinin sayı açıqlandı

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan kapitallı müəssisələrin sayı məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Özbəkistan Milli Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2026-cı il fevralın 1-nə olan vəziyyətə əsasən, Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə ümumilikdə 368 müəssisə qeydiyyatdan keçib. Onlardan 63-ü birgə müəssisə formasında fəaliyyət göstərir, 305-i isə tam şəkildə xarici investorlara məxsusdur.

Azərbaycan sərmayəsinin ən çox cəmləndiyi sahə ticarət sektorudur – burada 139 şirkət fəaliyyət göstərir. Sənaye sahəsində 50, tikinti sektorunda 43, informasiya və rabitə sahəsində isə 25 müəssisə mövcuddur.

Səhiyyə və sosial xidmətlərdə 11, nəqliyyat və anbarlaşdırma sahəsində 9, mənzil və ictimai iaşə sektorunda isə 9 şirkət fəaliyyət göstərir. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq daxil olmaqla aqrar sektorda 3 müəssisə qeydə alınıb.

Qalan 79 şirkət isə digər müxtəlif sahələrdə fəaliyyət göstərir.