Paşinyan Sərkisyanın və Köçəryanın həbsini hazırlayır -Analitik

Baş nazir hər iki sabiq prezidenti seçkidən uzaqlaşdırmağı planlaşdırır
Robert Köçəryanın siyasi əkizi Serj Sərkisyan 2018-ci il aprelin 17-də (4 günlük döyüşlərdən sonra – red.) bu tribunadan bəyan etmişdi ki, artıq müharibə gözlənilmir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Baş nazir sabiq Prezident Robert Köçəryanın onu 44 günlük müharibəni qızışdırmaq və təxribatda ittiham etməsinə belə cavab verib: “Serj Sərkisyan bu tribunadan elan etmişdi ki, danışıqlar prosesi artıq müharibə mərhələsinə çatmayıb, mən onu da xatırlatmaq istəyirəm ki, 2016-cı ilin 4 günlük müharibəsi de-yure siyasi cəhətdən başa çatmamışdı, bunun nəticəsində heç bir sənəd və ya heç bir şey imzalanmamışdı, həmçinin xatırlatmaq istəyirəm ki, Robert Köçəryanın müharibənin qarşısını almaq metodologiyası Mehri əvəzinə Qarabağ, Madrid prinsipləri və sair idi”. Baş nazir keçmiş prezidentləri dəfələrlə debata çağırdığını da xatırladıb: “Mən o adamlara dəfələrlə demişəm ki, sadəlövh auditoriyanı toplayıb ciddi-ciddi danışmağı dayandırın. Deyəcək sözün varsa, yenə deyirəm, gedək efirdə danışaq, qaranlıq guşələrə çəkilib söhbət etməkdən əl çəkək. Nə haqqında danışmaq istəyirsinizsə, gedək danışaq. Robert Köçəryan, Serj Sərkisyan, Levon Ter-Petrosyan, deməyə sözünüz varmı? Canlı yayıma çıxaq və danışaq. Gəlin polemikaya girək: üçə qarşı bir”. Bu arada Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq Prezident Robert Köçəryanın reytinqinin yüksəlməsi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını bildirib. O, keçmiş prezidentin ən güclü vaxtında belə Baş nazir Nikol Paşinyan və komandasını məğlub edə bilmədiyini deyib: “Robert Köçəryanın reputasiyası və ya reytinqindən danışarkən həmişə yadda saxlamaq lazımdır ki, o, mütləq gücə malik olanda belə, siyasi arenada yeni rəqibləri (Paşinyan və komandasını) məğlub edə bilməyib”.
Simonyan parlamentdə hökumətin sual-cavab sessiyası zamanı yaranan gərginliyə də toxunub. Spiker baş verənlərə görə Baş nazir Nikol Paşinyanın müxalifət nümayəndələrindən üzr istəməyəcəyini deyib: “Müxalifət üzr istəməlidir, çünki bütün bunlar müxalifətin həyasız davranışının nəticəsidir. Siz zaldakı gərginliyi hiss etmirsinizmi? Əvvəlcə sözünüzü kəsirlər, sonra “sən” rejimində, sonra yalan danışmağa, sonra tək-tək, ardınca da kollektiv şəkildə qışqırmağa başlayırlar. İnsanlarla ünsiyyətdə olanda məndən soruşurlar ki, Alen, bütün bunlara necə dözürsən? Nə qədər gərginlik olduğundan xəbəriniz yoxdur. Baş nazir də, mən də - hamımız insanıq və bir yerə qədər çatan səbrimiz var. haqlı olan baş nazir idi”. Simonyan Ermənistan parlamentindəki müxalif deputatları “oğru və korrupsioner” adlandırıb. Həmçinin o, müxalifətin üzr tələblərini yersiz hesab edib. Xatırladaq ki, dünən Milli Məclisdə sessiya zamanı Nikol Paşinyanın müxalif “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryanın korrupsiya ilə bağlı sualını cavablandırarkən vəziyyət gərginləşib. Çıxışı zamanı müxalifətdən olan deputatların aqressiv çıxışlarına cavab verən Ermənistan Baş naziri əli ilə Qriqoryanın boyunu göstərərək deyib: “Bura qədər gəlib çatmısınız”.
Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, N.Paşinyan S.Sərkisyanın və R.Köçəryanın həbsini hazırlayır. Ekspert vurğulayıb ki, Ermənistan hökuməti 2008-ci ildə seçkinin nəticələrinə etiraz edən xalqa qarşı ordudan istifadə edilməsini, cinayət törətməsini yenidən gündəmə gətirib:
 "Köçəryan və Sərkisyanın fəallığı Paşinyanı hərəkətə gətirib. Göründüyü kimi N.Paşinyan hər iki sabiq prezidenti seçkidən uzaqlaşdırmağı planlaşdırır. Halbuki, onların cinayətləri var idisə, bir neçə il bundan əvvəl həbs edilməli idi. Görünür, Paşinyan öz siyasi məqsədləri üçün prosesi bu günə saxlayıb. Köçəryan onsuz da həbs olunmuşdu. Baş nazir yenidən Köçəryanı həbsə göndərməyə hazırlaşır. Məsələnin maraqlı tərəfi S.Sərkisyanın həbs edilməsi olacaq. Çünki Sərkisyan 2018-ci ildə  hakimiyyəti təhvil verəndə özünün təhlükəsizliyinin təminatını alıb. Son aylarda S.Sərkisyanın aktivliyi əldə olunan razılaşmanın pozulmasına gətirib çıxaracaq. Ümumiyyətlə, hər iki liderin həbsi, Ermənistanda siyasi cameənin normallaşmasına və Paşinyanın Azərbaycanla sülh müqaviləsi bağlanması istiqamətində atacağı addımlara yaradılan problemləri aradan qaldıracaq. Hər iki sabiq rəhbər ölkədə sülhün əleyhinədir və Rusiya ilə təmaslar qurub, hakimiyyətə gəlməyə çalışırlar. Paşinyan da bunun qarşısını almağa çalışır".