Pentaqon Karib dənizində “Sagitta” tankerinin ələ keçirildiyini açıqladı

ABŞ Venesuela nefti ilə bağlı sanksiya siyasəti çərçivəsində növbəti kommersiya gəmisini saxlayıb. Bu dəfə Karib dənizində “Sagitta” adlı tanker ələ keçirilib. Bu barədə yanvarın 20-də ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Sherg.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının X sosial şəbəkəsində yaydığı açıqlamada deyilir:

“Dünən (20 yanvar — TASS qeydi) səhər saatlarında ABŞ Silahlı Qüvvələri Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə dəstək məqsədilə ‘Sagitta’ tankerini saxlayıb. Prezident Donald Tramp tərəfindən sanksiya tətbiq olunan gəmilər üçün Karib regionunda elan edilmiş karantini pozaraq fəaliyyət göstərən növbəti tankerinin saxlanılması, Venesuela neftinin yalnız qanuni əsaslarla və Vaşinqtonla müvafiq koordinasiya şəraitində daşınmasını təmin etmək əzmimizi nümayiş etdirir”.

Qeyd olunur ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının əməliyyat məsuliyyəti zonasına Mərkəzi və Cənubi Amerika, eləcə də Karib hövzəsi daxildir.