Məhəmməd Əsədullazadə: Vaşinqton Rusiyanı zəiflətmə strategiyası yürüdür
ABŞ mərhələli və hesablanmış geosiyasi plan tətbiq edir
ABŞ Ukraynaya gələcəkdə Rusiyanın təcavüzünə qarşı təhlükəsizlik zəmanətlərini Kiyev və Moskva arasında müharibəni bitirəcək ümumi bir razılaşma əldə edilməyincə verməyəcək.
“Politico”nun məlumatına görə, bu, heç də Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq üçün edilmir, sadəcə ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarını poza biləcək hər hansı bir razılaşmaya qol çəkmək istəmir.
Bu, sülh danışıqlarını pozarsa, onun heç bir mənası olmayacaq.
Siyasi ekspert Məhəmməd Əsədullazadə "Sherg.az" a bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasında yaya kimi sülh razılaşmasınım əldə edilməsinə çalışır. Lakin Rusiya tərəfi razılaşmalara getmir, Ukraynaya qarşı ərazi iddiaları irəli sürür. Politoloq hesab edir ki, bu səbəbdən Amerika Birləşmiş Ştatları Ukrayna müharibəsi kontekstində paralel olaraq iki əsas strateji məqsəd güdür:

" Bir tərəfdən Rusiyanın hərbi gücünü zəiflətmək, digər tərəfdən isə birbaşa müharibəyə cəlb olunmadan regional balansı qorumaq. Vaşinqton anlayır ki, əgər bu mərhələdə Ukraynaya formal və hüquqi təhlükəsizlik zəmanəti versə, bu, avtomatik olaraq ABŞ-ni münaqişənin birbaşa tərəfinə çevirə bilər. Çünki belə bir zəmanət Ukraynaya qarşı hər hansı yeni hücum halında ABŞ-nin hərbi müdaxiləsini zəruri edəcək və bu isə nüvə dövləti olan Rusiya ilə açıq hərbi toqquşma riskini kəskin şəkildə artıracaq. Məhz bu səbəbdən ABŞ hazırda mərhələli strategiya tətbiq edir. Bu strategiyanın əsas elementi Ukraynanın müdafiə qabiliyyətini artırmaqdır. Ukraynaya ayrılan milyardlarla dollarlıq hərbi yardımın əsas məqsədi yalnız cəbhədə tarazlıq yaratmaq deyil, eyni zamanda Rusiyaya göstərməkdir ki, uzunmüddətli müharibə Moskva üçün iqtisadi, hərbi və siyasi baxımdan tükəndirici olacaq. ABŞ hesab edir ki, Rusiyanın resurslarının tədricən zəiflədilməsi onu gələcəkdə daha realist və kompromisə açıq mövqe tutmağa məcbur edə bilər".
M. Əsədullazadə qeyd edib ki, Rusiyanın Əbu-Dabi danışıqlarında ərazi iddialarından geri çəkilməməsi onu göstərir ki, Moskva hələ də hərbi və siyasi üstünlük əldə edə biləcəyinə inanır:
"Bu isə o deməkdir ki, Kremlin hazırkı mərhələdə güzəştə getmək motivasiyası zəifdir. Tarixi təcrübə göstərir ki, böyük dövlətlər yalnız hərbi və iqtisadi təzyiqin real nəticələrini gördükdə danışıqlarda daha konstruktiv mövqe tuturlar. Ukrayna üçün isə əsas məsələ zaman faktorudur. Ukrayna Qərbin hərbi və maliyyə dəstəyi hesabına müdafiə qabiliyyətini qoruyaraq Rusiyanın strateji məqsədlərinə nail olmasının qarşısını almağa çalışır. ABŞ və müttəfiqləri hesab edir ki, Ukraynanın müqaviməti nə qədər davamlı olsa, Rusiyanın həm daxili iqtisadi sabitliyi, həm də beynəlxalq mövqeləri bir o qədər zəifləyəcək".
Politoloq son olaraq ABŞ-nin hazırkı “gözləmə və zəiflətmə” strategiyasının təsadüfi olmadığını, hesablanmış geosiyasi yanaşma olduğunu qeyd edib.