Politoloq: Kreml hələ də sülh masasından qaçır

12 günlük zaman da növbəti həftə bitəcək
Ukraynanı silahlandırmaqla Rusiyanı sadəcə gecikdirmək mümkündür
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş 3 saat davam edib. Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib ki, danışıqlar faydalı və konstruktiv keçib. O deyib ki, müzakirələrin əsasını Ukrayna böhranı, habelə Rusiya ilə ABŞ arasındakı strateji əməkdaşlığın mümkün inkişaf perspektivləri təşkil edib. Uşakov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında görüşün yeri razılaşdırılıb. Uşakovun sözlərinə görə, Amerika tərəfinin təklifi ilə yaxın günlərdə Vladimir Putin və Donald Trampın görüşünün keçirilməsi razılaşdırılıb. O əlavə edib ki, Putin və Tramp arasında görüş gələn həftə baş tuta bilər. Daha sonra açıqlama verən Putin deyib ki, BƏƏ Rusiya və ABŞ liderləri arasında görüş üçün münasib yerlərdən biridir. Putinin sözlərinə görə, Rusiyanın bir çox dostları var ki, onunla Tramp arasında görüş təşkil etməyə hazırdır. 
ABŞ-nin Prezidenti Donald Tramp da bildirib ki, Stiven Uitkoff Moskvada Rusiya Prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib. Onun sözlərinə görə, görüşdə xeyli irəliləyiş əldə olunub: "Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Stiven Uitkoffla danışıqlar zamanı Rusiya atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib. Zelenski Trampla telefon danışığı barədə məlumat verərkən qeyd edib: "Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyillidir. Onlara təzyiqlər işləyir. Əsas odur ki, bizi aldatmasınlar". Qeyd edək ki, Rusiyanın Ukraynaya “hava atəşkəsi” təklifini edəcəyi xəbəri yayılıb. Ukrayna Quru Qoşunları Ehtiyatçılar Şurasının rəhbəri İvan Timoçko bildirib ki, belə bir atəşkəs Ukraynaya çoxlu qəm-qüssə və problemlər gətirəcək.
Onun sözlərinə görə, əgər cəbhədə döyüş əməliyyatları dayandırılmasa, belə bir atəşkəs zamanı ruslar cəbhə xəttinə yaxın böyük sayda qoşun və texnika toplaya biləcəklər. "Teleqraf"ın redaktoru Kon Koflin isə deyib ki, əgər ABŞ Prezidenti Donald Tramp sərt sanksiyalar və Ukraynaya silah tədarükünü artıran kombinasiyanı seçsə, Rusiya lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmaqdan başqa yolu qalmayacaq. O qeyd edib ki, müharibə zamanı bəlli olub ki, Putin ümidsizcəsinə istədiyi qələbəni heç vaxt əldə etməyəcək. K.Koflin vurğulayıb ki, rus qoşunların döyüş meydanında həlledici irəliləyişə nail ola bilməməsi onların son yay hücumu zamanı xüsusilə aydın olub və bu, onlara böyük itkilərdən başqa heç nə verməyib.
Politoloq Xəyal Bəşirov deyib ki, ABŞ Prezidenti Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq istiqamətində kifayət qədər cəhdlər edib. Ekspert bildirib ki, Rusiya-Ukrayna müharibəsi elə bir məcraya, mərhələyə gəlib çıxıb ki, dönüşü olmayan bir vəziyyətdədir:
 "Tərəflərin heç biri, xüsusən Qərbin, o cümlədən ABŞ-nin təzyiq və təsir göstərmək istədiyi Rusiya tərəfi öz hədəfinə çatmaq üçün tələsir. Həmin hədəfə çatanadək Ukrayna ilə masaya oturmaq istəmir. Donald Tramp hakimiyyətə gəldikdən sonra Rusiya rəhbərinin ünvanına xoş sözlər söylədi. Bütün bunlar Moskvanı masaya gətizdirmək üçün yumşaq diplomatiya idi. Amma bu cəhdlər uğursuz nəticələndi. Növbəti mərhələdə D.Tramp digər münaqişələrə münasibətdə olduğu kimi təhdid taktikasına keçdi. ABŞ Prezidenti Rusiyaya əvəlcə 50 gün vaxt verdi. Daha sonra 12 günə dəyişdirildi. Niyə belə oldu? ABŞ-nin hazırkı administrasiyasında, Donald Trampın komandasında təmsil olunan şəxslər açıq şəkildə bəyan etdilər ki, 50 gün sadəcə itirilmiş vaxt olacaq. Çünki Rusiyanın reaksiyasında heç bir dəyişiklik yoxdur. İddia edildi ki, Rusiya bu məsələdə ABŞ-nin çağırışlarına müsbət cavab verməyəcək. Məhz bundan sonra 50 gün müddəti 12 günə endirildi. 12 günlük zaman da növbəti həftə bitəcək. ABŞ və Avropa ölkələri gələn həftə Rusiya-Ukrayna arasında tarixi bir prosesin reallaşacağına ümid edirlər. Əslində isə Rusiya masaya əyləşmək niyyətində deyil. Rusiya rəhbərliyi öz addımları ilə bunu göstərir. Düşünürəm ki, Qərbin sanksiyalarının daha da sərtləşdirilməsi, Rusiya neftini, qazını alan dövlətlərin Moskvaya təzyiqləri fonunda gərginlik səngiyə bilər. Ukraynanı silahlandırmaqla Rusiyanı sadəcə gecikdirmək mümkündür. Amma bu, müharibənin taleyini həll etmir".