Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ABŞ Rusiya Prezidenti Vladimir Putini Qəzza üzrə “Sülh Şurası”na qoşulmağa dəvət edib.
"Bəli, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu şuranın tərkibinə qoşulmaq üçün dəvət alıb. Hazırda biz bu təklifin bütün detalları ilə tanış oluruq və bütün nüansları aydınlaşdırmaq üçün ABŞ tərəfi ilə əlaqələr gözləyirik", - o qeyd edib.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "Sherg.az"a deyib ki, hazırda Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında baş verən bütün proseslər faktiki olaraq ABŞ-nin himayəsi altında İsrail tərəfindən həyata keçirilir:
"ABŞ-nin İsrailə verdiyi güclü siyasi və hərbi dəstək olmasaydı, regionda bu qədər genişmiqyaslı və uzunmüddətli gərginlik mümkün olmazdı.
İsrailin əsas məqsədi Fələstin torpaqları hesabına “Böyük İsrail” ideyasını mərhələli şəkildə reallaşdırmaqdır. Bu istiqamətdə artıq uzun illərdir müəyyən ideoloji və siyasi proqramlar mövcuddur. Təxminən altı ay əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun “vəd olunmuş torpaqlar”la bağlı verdiyi açıqlamalar da bu planların açıq ifadəsi idi.
Hazırda Donald Trampın gündəmə gətirdiyi Qəzza üzrə “Sülh Şurası” təşəbbüsü də mahiyyət etibarilə növbəti siyasi şoudur. Guya məqsəd Qəzzada sülhü bərqərar etməkdir. Halbuki real hədəf Qəzzada yaşayan yerli əhalinin dədə-baba torpaqlarını tərk etməsinə nail olmaq və bu əraziləri İsrailin nəzarətinə keçirməkdir. Hətta bu insanların başqa ölkələrə köçürülməsi üçün maliyyə yardımlarının ayrılması ilə bağlı açıqlamalar da verilib. Bu isə faktiki olaraq məcburi köçürmə siyasətidir.
ABŞ-nin Rusiyanı Qəzza üzrə “Sülh Şurası”na qoşulmağa dəvət etməsinin əsas məqsədi məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə bölüşdürməkdir. Vaşinqton istəyir ki, Qəzzada həyata keçirilən proseslər təkcə ABŞ və İsrailin qərarı kimi deyil, beynəlxalq qərar kimi təqdim olunsun. Bu məqsədlə Rusiya ilə yanaşı Hindistan, Pakistan və digər ölkələrin də bu prosesə cəlb edilməsi gündəmə gətirilir.
Bu baxımdan Trampın irəli sürdüyü təşəbbüs sülhə yox, beynəlxalq ictimaiyyəti aldatmağa və Qəzzada aparılan siyasəti pərdələməyə xidmət edən növbəti siyasi şou kimi qiymətləndirilməlidir".