Bəşər Əsədin təhvil verilməsi prosedurları yaxın gələcəkdə başlaya bilər
Rusiya Prezidenti Vladimir Putin Moskvada Suriyanın yeni dövlət başçısı Əhməd Əş-Şara ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin 1944-cü ildən bəri dostluq və əməkdaşlıq prinsipləri üzərində formalaşdığı vurğulanıb. Putin görüş zamanı Rusiya-Suriya əlaqələrindən danışaraq bildirib: "Rusiyanın Suriyaya münasibəti heç vaxt siyasi maraqlarla formalaşmayıb. Biz yalnız Suriya xalqının maraqlarını qoruyuruq. Suriya xalqı ilə dərin tarixi bağlarımız var". Lakin Kremlin rəhbərinin bu sözləri ziddiyyətli qarşılanıb. Çünki Putin əlini sıxdığı şəxsi illər əvvəl "terrorçu" adlandırmışdı. Lakin HTŞ-nin Dəməşqi ələ keçirməsi və sabiq Prezident Bəşər Əsədin Moskvaya qaçmasından sonra Rusiya Suriyada mövqeyini dəyişib. "Reuters"in məlumatına görə, Moskvadakı görüşdə iki əsas məsələ müzakirə edilib - Əsədin ekstradisiyası və Rusiyanın Tartus və Hmeymim bazalarındakı hərbi mövcudluğu. Analitiklər hesab edirlər ki, bu görüş Rusiya ilə Suriyanın yeni hakimiyyəti arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
STM əməkdaşı Aqşin Kərimov deyib ki, Putinlə Əş-Şara arasındakı görüş tərəflərin çoxvektorlu münasibət quracağına işarə edir. Ekspertin sözlərinə görə, ötən ilin dekabrından Bəşər Əsədin devrilməsi ilə Rusiya Yaxın Şərqin Suriya cinahında geosiyasi cəhətdən zəif duruma düşdü:
"Ancaq Rusiya Suriya sahillərində Aralıq dənizində hərbi bazalarının mövcudluğunu qoruyub saxlayır. Rusiya ilə Suriya bundan sonra hərbi, enerji və iqtisadi sahədə əməkdaşlığı prioritetləşdirirlər. Bu, Rusiyanın Suriyada itirdiyi nüfuzunu getdikcə bərpa etdiyinə dair təəssüratlar yaradır. Suriyanın kritik resurs çatışmazlığını həll etmək üçün Rusiyadan iqtisadi yardım almağa davam etməyə çalışması fonunda Kremlə əlavə fürsətlər yaranır.
Suriya hökuməti hazırda Rusiyadan başqa bir məqsədlə də istifadə etməyə çalışır. Bu, əsasən, Suriyada İsrailin təsirlərinin balanslaşdırılmasında Rusiyanın rolundan yararlanmaq manevrinə əsaslanır. Ancaq Rusiya əsas səylərini Ukraynada başlatdığı müharibəyə yönləndirdiyindən onun Suriyadakı geosiyasi vəziyyətini necə idarə edəcəyi suallar yaradır. Üstəlik, Rusiyanın İsrailə prosesdə təsir etmək imkanları məhdud görünməkdədir".
A.Kərimov düşünür ki, hazırda Yaxın Şərqin geosiyasi arxitekturasının qurulmasında ABŞ daha çox fəallıq göstərir:
"Ancaq ehtimalla Rusiyanın Suriyadakı iqtisadi və enerji sahəsində təmsilçilik hüququ qazanması ABŞ-yə də sərfəli variantdır. Suriya rəsmiləri yəqin ki, Əsəd rejiminin qalıqlarına Rusiyanın dəstəyini dayandırmağa nail olacaqlar. Bunun ardınca isə Rusiyada sığınacaq alan Bəşər Əsədin təhvil verilməsi üçün prosedurlar başlana bilər. Rusiya Şaradan əhəmiyyətli və həlledici güzəşt ala bilsə, Bəşər Əsədin Suriyaya təslim edilməsi istisna edilməyəcək".