Trampın əsas hədəfi Rusiya deyil, Çindir
İlyas Hüseynov: ABŞ və Avropanın Ukrayna siyasəti heç vaxt tam eyni olmayıb
Avropa liderləri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə danışıqları davam etdirməsinə görə qəzəblidir. Amerikalı politoloq Daniel Makadams qeyd edib ki, Avropa liderlərinin bu prosesə reaksiyası və Vaşinqtonun yeni diplomatik xətti Ukrayna müharibəsi fonunda transatlantik münasibətlərdə dərin fikir ayrılıqlarını üzə çıxarır.
Onun sözlərinə görə, Avropa liderləri Trampı çaşdırmaq və danışıqlar prosesini pozmaq üçün hər şeyə hazırdır. Daniel Makadams Kiyevin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına mümkün hücumunu da şərh edib. Amerikalı politoloqun fikrincə, Ukrayna bu cür zərbələr endirməyə nə qədər çox cəhd göstərsə, Rusiya ordusu bir o qədər irəliləyəcək:
“Yalnız bu yolla Rusiyanın təhlükəsizliyini təmin etmək mümkündür. Ukraynada hakimiyyətdə Volodimir Zelenski olduğu müddətdə maariflənmə baş verməyəcək”.
Mövzunu şərh edən politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında Trampın Rusiya ilə birbaşa dialoq cəhdlərinin Avropa İttifaqında ciddi narahatlıq doğurmasının təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, son illər Avropa təhlükəsizlik və xarici siyasət məsələlərində müstəqil aktor deyil, daha çox Vaşinqtonun müəyyən etdiyi çərçivələr daxilində hərəkət edir:

" Əslində Ukrayna-Rusiya savaşına münasibətdə NATO ölkələrinin mövqeləri heç də vahid mövqe olmayıb. Avropa ölkələri ilə Amerikanın bu savaşa münasibətində fərqlər ilk dövrdən də bəri var. Avropa faktiki olaraq, Rusiyanın aqressiyasını dayandırmaq üçün Ukraynaya dəstək verməkdə maraqlıdır. Bu qərar Avropa ölkələrin hamısına aid olmasa da, əksəriyyətinə aiddir. Xüsusilə də, Rusiyanın təzyiq və müdaxiləsinə daha yaxın olan Şərqi Avropa ölkələri dəstək verməkdə maraqlıdır. Amerika Birləşmiş Ştatlarının strategiyası fərqlidir. Donald Trampın əsas hədəfi Çin olduğuna görə, Rusiya-Ukrayna savaşını bir formada Ukraynanın zərərinə olsa da bitirməyə çalışır. Trampın həm Moskva, həm də Kiyev ilə paralel danışıqlar aparmaq niyyəti Avropanın prosesdən tamamilə kənarda qalması riskini artırır. Bu isə Avropa liderlərinin emosional və bəzən destruktiv reaksiyalarını şərtləndirir. Avropa üçün əsas problem Ukrayna deyil, öz geosiyasi çəkisinin azalması, proseslərdən kənarda qalmaq və geosiyasi təsir imkanlarını itirmək təhlükəsidir".
İ.Hüseynov hesab edir ki, Ukraynanın Rusiya ərazisinə, xüsusilə də dövlət başçısının iqamətgahına mümkün hücumları regional təhlükəsizliyi daha da dərin böhrana sürükləyir və bu cür addımlar danışıqlar prosesini yox, hərbi eskalasiyanı stimullaşdırır. Nəticədə Rusiya təhlükəsizlik arqumenti ilə hərbi mövcudluğunu genişləndirmək üçün əlavə əsaslar əldə edir".
Politoloq hesab edir ki, Avropa bu mərhələdə ehtiyatlı davranmasa, strateji qərarların qəbul olunduğu əsas platformalardan tamamilə kənarda qala bilər.