Polşada müvəqqəti müdafiə statusu alan ukraynalıların sayında kəskin azalma qeydə alınıb.
Sherg.az xəbər verir ki, “Eurostat”ın məlumatına görə, 2026-cı ilin avqust ayının sonuna Avropa İttifaqında müvəqqəti müdafiə statusuna malik üçüncü ölkə vətəndaşlarının sayı 4,43 milyon nəfər təşkil edib. Bu, əvvəlki ayla müqayisədə cəmi 3290 nəfər çoxdur.
Ukraynalı qaçqınların ən çox məskunlaşdığı ölkələr Almaniya, Polşa və Çexiyadır. Almaniyada 1 milyon 294 min 555, Polşada 939 min 395, Çexiyada isə 398 min 360 nəfər müvəqqəti müdafiə statusuna malikdir.
Avqust ayında 27 Aİ ölkəsindən 24-də bu statusa sahib şəxslərin sayı artıb. Azalma isə Polşa, Finlandiya və Fransada qeydə alınıb. Ən kəskin geriləmə Polşada müşahidə olunub: ölkədə müvəqqəti müdafiə alanların sayı bir ay ərzində 13 min 665 nəfər və ya 1,4 faiz azalıb.
Aİ-də müvəqqəti müdafiə statusuna malik şəxslərin 98,5 faizindən çoxunu Ukrayna vətəndaşları təşkil edir. Onların 43,6 faizi yetkin qadınlar, 29,1 faizi uşaqlar və yeniyetmələr, 27,3 faizi isə yetkin kişilərdir.
Məlumatda Polşada ukraynalı qaçqınlara qarşı mənfi münasibətin gücləndiyi də qeyd olunur.