Professor: Tramp Rusiyaya qarşı sanksiyadan rəsmən imtina edir

Əlimusa İbrahimov: "Rusiyaya qarşı sanksiyalar o zaman gücləndiriləcək ki, bütün NATO üzvləri eyni şeyi etsinlər"
ABŞ Prezidenti Donald Tramp Rusiyaya geniş sanksiyalar tətbiq etməklə bağlı NATO və dünya ölkələrinə məktub ünvanlayıb. Tramp bildirib ki, əgər NATO dövlətləri razılaşar və eyni şeyi etməyə başlayarsa, bütün NATO dövlətləri Rusiyadan neft almağı dayandırarsa, ABŞ Rusiyaya qarşı geniş sanksiyalar tətbiq etməyə hazırdır. Onun sözlərinə görə, bəzi NATO ölkələrinin Rusiyadan neft əldə etməsi şokedicidir: "Bu isə sizin Rusiya ilə danışıqlardakı mövqeyinizi və sövdələşmə gücünüzü çox sarsıtdı. Yenə də siz hazır olanda, mən də hazıram. Sadəcə, nə zaman olacağını deyin. Düşünürəm ki, bu və üstəlik, NATO-nun bir qrup olaraq Çinə 50-100 faiz arası tarif tətbiq etməsi bu ölümcül müharibəni bitirəcək. Çinin Rusiya üzərində güclü nəzarəti var və bu güclü tariflər onu qıracaq. Bu, Trampın deyil, Bayden və Zelenskinin müharibəsidir. Mən onu dayandırmaq, minlərlə rusiyalı və ukraynalının həyatını qurtarmaq üçün bu işin içindəyəm. Əgər NATO dediyim kimi etsə, müharibə tez bitəcək və bütün həyatlar xilas olacaq. Yoxsa siz mənim vaxtımı, enerjimi və ABŞ-nin pulunu boşa xərcləyirsiniz". Tramp əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar banklara qarşı olacaq, eləcə də neft və rüsumlarla bağlı tədbirlərlə Rusiyaya sərt zərbə olacaq: "Çox çətin addım atmalı olacağıq". Respublikaçı senator Lindsi Qrehem bildirib ki, yeni sanksiya paketi Rusiyadan ucuz enerji məhsulları alan Braziliya, Hindistan və Çini hədəf alacaq. O, avropalıları ABŞ Prezidenti Donald Trampın yanaşmasını dəstəkləməyə və ucuz Rusiya neft-qazına tariflər tətbiq etməyə çağırıb. Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Konqres Rusiyaya qarşı yeni sanksiyaları müstəqil qəbul etməyi planlaşdırmır və bunu yalnız Trampla razılaşdıqdan sonra edəcək. "The New York Times" isə yazıb ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı irəli sürdüyü tələblər reallaşdırıla bilməz. Nəşr bildirib ki, NATO üzvü olan ən azı iki ölkə - Macarıstan və Türkiyə Moskva ilə yaxşı münasibətlər saxlayır və Rusiyadan enerji resursları alır. Buna görə də yaxın zamanda bu məsələ ilə bağlı hər hansı dəyişiklik gözlənilmir. Digər Avropa ölkələrinin əksəriyyəti Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaldıb, lakin bəzi ölkələr hələ də rus qazına etibar edir ki, Tramp bunu nəzərə almayıb. 
Bakı Dövlət Universitetinin professoru Əlimusa İbrahimov Sherg.az-a deyib ki, əslində, Tramp Rusiyaya qarşı sanksiya tətbiq etməkdən rəsmən imtina edir. Ekspert bildirib ki, Tramp Rusiyaya qarşı sanksiyaları o zaman gücləndirəcək ki, bütün NATO üzvləri eyni şeyi etsinlər:
 "Yəni NATO üzvləri və Avropa İttifaqı ölkələri özləri də Rusiyaya qarşı sanksiyaları gücləndirsinlər. Trampa görə Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalar yetərincə təsirli deyil və bu halda onlar ABŞ-dən sanksiyaları gücləndirməyi tələb edə bilməzlər. Beləliklə, Trampın bu bəyanatı o anlama gəlir ki, ABŞ tərəfindən yaxın müddətdə Putin rejiminə qarşı heç bir sanksiya tətbiq edilməyəcək. Çünki Tramp Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirməmək üçün "səbəb" tapıb. Tramp çox gözəl anlayır ki, liderləri Amerika prezidentinin tərəfdarları olan Macarıstan və Slovakiyanın Rusiyanın enerji resurslarından bu tezliklə imtina etməsi mümkün deyil. Üstəlik, indi Avropada Hindistanla böyük iqtisadi razılaşmanın astanasında olduqlarına inandırırlar və onlar Çinlə iqtisadi qarşıdurmaya hazır deyil. Avropadan başqa sırada Türkiyə də var. Türkiyə Avropa ölkələrinin ardınca böyük ehtimalla Rusiya neftini almağı dayandırmağa razı olmayacaq. Bundan əlavə, bəzi Avropa ölkələri Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa davam edir. Bu vəziyyətdə Tramp Kremlə qarşı sanksiyalar tətbiq etməmək üçün səbəb tapdığını deyir. Trampın bu açıqlaması Rusiya tərəfindən necə qiymətləndiriləcək? Bunu Rusiya-Ukrayna cəbhəsində görəcəyik".