Putin ABŞ-dən Avropa ilə bağlı konkret addım gözləyir: “Sülh, yoxsa müharibə?”

Rusiya Prezidenti Vladimir Putin ABŞ-dən Avropa ölkələri ilə işləməyi və onların Ukrayna məsələsində hansı mövqedə olduqlarını müəyyənləşdirməyə kömək etməyi gözlədiklərini bildirib.

Sherg.az xəbər verir ki, Putin bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Moskvada, Kremldə keçirilən görüşdə danışıb.

Rusiya liderinin sözlərinə görə, Moskva ABŞ-nin Avropada təhlükəsizlik sisteminin yaradılması ilə bağlı təklifini dəstəkləyir, lakin Avropa ölkələri bu təşəbbüsə mənfi yanaşırlar.

Putin bildirib ki, Rusiya Avropa ilə dialoqu heç vaxt dayandırmayıb, bu əlaqələri kəsən tərəf avropalılar olub.

O, həmçinin Moskvanın Ukrayna ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsini əvvəldən qəbuledilməz hesab etdiyini vurğulayıb. Rusiya Prezidenti belə kontingentlərin Ukraynada yerləşdiriləcəyi təqdirdə Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcəyini bəyan edib.

Görüş zamanı Putin Donetsk vilayətinin Konstantinovka şəhərindən mülki əhalinin təxliyəsi üçün humanitar missiyanın təşkilini də təklif edib. O, bu təşəbbüsün Alyoşki şəhərində həyata keçirilən humanitar əməliyyatın təcrübəsi əsasında reallaşdırıla biləcəyini bildirib.

Putinin sözlərinə görə, hazırda Konstantinovkada yüzlərlə mülki sakin qalır və Rusiya onların təhlükəsiz şəkildə təxliyəsinə şərait yaratmağa hazırdır. Ərazinin minalardan təmizlənməsi üçün beş gün tələb olunduğunu qeyd edən Rusiya lideri Ukrayna tərəfini də öz nəzarətində olduğunu iddia etdiyi ərazidə təhlükəsizliyi təmin etməyə çağırıb.

Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Görüşlərdə əsas diqqət qitədə yeni təhlükəsizlik sisteminin formalaşdırılmasına yönəlib. Ukrayna münaqişəsinin nizamlanması isə daha geniş gündəliyin məsələlərindən biri olub. Danışıqlardan sonra Vaşinqton nümayəndələri Moskvaya yollanıblar.