Rusiya Prezidenti Vladimir Putin rəsmi səfər çərçivəsində Rusiyaya gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ilə danışıqlar aparacaq.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər Rusiya–BƏƏ arasında çoxşaxəli əməkdaşlığın əsas istiqamətlərini, Yaxın Şərqdə mövcud vəziyyəti, eləcə də beynəlxalq gündəmdə duran digər aktual məsələləri müzakirə edəcəklər.
Əmirlik tərəfi isə danışıqlarda xüsusilə iqtisadiyyat, ticarət, investisiya və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin reallaşdırılması imkanlarının diqqət mərkəzində olacağını açıqlayıb.
Qeyd edək ki, Rusiya və BƏƏ prezidentlərinin görüşü 23–24 yanvar tarixlərində Əbu-Dabidə Ukrayna böhranının nizamlanması ilə bağlı keçirilmiş üçtərəfli danışıqlardan sonra baş tutacaq. Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti raund danışıqların 1 fevral tarixində BƏƏ paytaxtında keçirilməsi planlaşdırılır.
Məlumata görə, Rusiya Prezidentinin cari həftə üzrə beynəlxalq təmas qrafiki kifayət qədər sıxdır. Belə ki, Vladimir Putin ötən günlərdə Kremldə Suriya Prezidenti Əhməd əş-Şaraa ilə danışıqlar aparıb, daha əvvəl isə Sankt-Peterburqda Malayziyanın ali hökmdarı Sultan İbrahimlə görüşüb.
Xatırladaq ki, BƏƏ Prezidenti müxtəlif illərdə Rusiyaya bir neçə dəfə səfər edib. O, 1990-cı illərdə baş qərargah rəisi, 2004–2022-ci illərdə vəliəhd şahzadə, sonradan isə dövlət başçısı qismində Rusiya paytaxtına və Sankt-Peterburqa səfərlər həyata keçirib.
Al Nəhyan sonuncu dəfə 7 avqust 2025-ci il tarixində Rusiyada olub. Həmin səfər çərçivəsində investisiya və nəqliyyat sahələrini əhatə edən bir sıra ikitərəfli sazişlər imzalanıb.