Putin və Trampın mümkün razılaşması Ukraynanın siyasi taleyini dəyişəcək - ŞƏRH

  • "Ukrayna Prezidenti Donbasdan imtina etsə, Rusiya Odessa və Xarkova da iddia qaldıra bilər”

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı səsləndirdiyi sərt ittihamlar Rusiya-Ukrayna müharibəsi ətrafında siyasi müzakirələri yenidən alovlandırıb. Trampın “Ukraynanı Zelenski məhv etdi” bəyanatı təkcə Kiyevin müharibə dövründə yürütdüyü siyasətə deyil, həm də ölkənin düşdüyü ağır vəziyyətə görə məsuliyyət məsələsinə diqqət çəkib. ABŞ prezidentinin bu mövqeyi Ukraynanın gələcəyi, Zelenski hakimiyyətinin qərarları və Vaşinqtonun müharibəyə yanaşması ilə bağlı yeni suallar doğurur.

Müharibənin davam etdiyi bir vaxtda səsləndirilən bu cür ittihamlar ABŞ-la Ukrayna arasında siyasi münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi məsələsini də aktuallaşdırır. Trampın açıqlamaları Ukrayna rəhbərliyinə siyasi təzyiqin artması kimi qiymətləndirilməsi mümkündürmü? Bu mövqe Vaşinqtonun Kiyevə dəstəyinin gələcəyinə və müharibənin diplomatik yolla başa çatdırılması perspektivlərinə necə təsir göstərə bilər? Bütün bunlar Rusiya–Ukrayna müharibəsinin gələcək gedişatı və tərəflər arasında mümkün razılaşmalar baxımından diqqət mərkəzindədir.

Mövzu ilə bağlı politoloq Əziz Əlbəyli Sherg.az-a açıqlamasında bildirib ki, Putin və Trampın ortaq maraqları Zelenskinin siyasi taleyinə təsir göstərə bilər.

“Artıq Putinlə Tramp arasında müəyyən razılaşmanın olduğunu düşünürəm. Rusiya öz imkanlarından istifadə edərək ABŞ-yə və onun tərəfdaşlarına dizel yanacağı satır. Ümumiyyətlə, müharibənin uzanması tərəflərin iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Buna görə də Zelenskini siyasi proseslərdən kənarlaşdırmaq barədə qərara gəliblər.

Nəticə etibarilə, burada söhbət Ukraynanın məğlubiyyətindən, mövcud status-kvonun saxlanılmasından, yoxsa Zelenskinin kənarlaşdırılaraq seçkilər vasitəsilə başqa bir şəxsin hakimiyyətə gətirilməsindən və müəyyən bir razılaşma formulunun qəbulundan gedir? Lakin bu məsələ o qədər də asan deyil. Çünki Avropa İttifaqı Zelenskiyə dəstək verir və hesab edir ki, o, hakimiyyətdən gedərsə, növbəti hədəf Avropa İttifaqı və digər NATO ölkələri olacaq. Təəssüf ki, Avropa ölkələrinin bu məsələdə ABŞ-yə münasibətdə müəyyən mənada məyusluq yaşadığını da nəzərə almaq lazımdır. Bununla belə, proseslərə daha geniş müstəvidə baxmaq lazımdır”, - deyə politoloq bildirib.

Sherg.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun fikrincə, Trampın Zelenskiyə qarşı ittihamları müharibənin reallıqları ilə uzlaşmır.

“Trampın Zelenskini bu şəkildə aşağılamasının heç bir məntiqi yoxdur. Zelenski Ukrayna xalqının seçdiyi prezidentdir. Bəli, onun prezidentlik müddəti başa çatıb, lakin müharibə şəraitində seçkilərin keçirilməsi mümkün deyil. Zelenski 60 günlük atəşkəs elan olunmasını və bu müddətdə seçkilərin keçirilməsini təklif edib. Lakin Rusiya bu təkliflə razılaşmır və yalnız bir günlük atəşkəsə razılıq verir. Belə şəraitdə seçkilərin keçirilməsi real görünmür”.

Müsahibimiz Donbasdan imtinanın Ukraynanın ərazi bütövlüyünə təhdid yaradacağını vurğulayıb.

“Zelenskinin yerində kim olsaydı, ərazi bütövlüyündən imtina etməzdi. Trampın məntiqinə görə, Zelenski Donbasdan imtina etməlidir. Lakin bu, təkcə Zelenskidən asılı olan məsələ deyil. Ukraynada kim prezident olursa-olsun, öz ərazisini başqa dövlətə güzəştə getməz. Buna görə də Ukrayna mübarizəni davam etdirmək məcburiyyətindədir. Əhalinin böyük hissəsi də Zelenski ilə eyni mövqedədir.

Çünki Ukrayna Donbasdan imtina edərsə, Rusiya bununla kifayətlənməyə, Odessa və Xarkov kimi şəhərlərə də iddia irəli sürməyə çalışa bilər. Bu isə Ukraynanın faktiki parçalanmasına gətirib çıxarar. Bu baxımdan, Trampın məntiqə zidd açıqlamalarını Zelenski qəbul etməyəcək.

Hərbi dəstəyə gəlincə, Avropa Ukraynaya həm hərbi, həm də maliyyə yardımı göstərir. Ukrayna üçün vəziyyət çətin olsa da, müqavimət imkanları getdikcə artır. Rusiyanın Donbası tamamilə işğal etməsi isə heç də asan deyil”, -deyə Elxan Şahinoğlu qeyd edib.