Qərb Zurabişvilini legitim prezident sayır -POLİTOLOQ

Lakin Avropanın Gürcüstanda yeni seçkilər keçirmək imkanları məhduddur
Bu mənada Avropa Parlamentinin gürcü hökumətinə qarşı münasibəti ictimai rəyə təsir edə bilməz
Avropa Parlamenti Zurabişvilini Gürcüstanın prezidenti kimi tanıyan qətnaməni səsə qoyacaq. Bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 5 siyasi qrupdan olan deputatların təqdim etdiyi “Gürcüstanda siyasi vəziyyətin daha da pisləşməsinə dair” qətnamə layihəsində Avropa Parlamentinin Salome Zurabişvilini Gürcüstanın legitim prezidenti və gürcü xalqının nümayəndəsi kimi tanımağa davam etdiyi qeyd edilir və onun “Gürcüstanın dinc yolla demokratiya və Avropa yoluna istiqamətləndirilməsi səyləri” təqdir edilir.
Sənəddə həmçinin Avropa İttifaqı Şurasının Prezidentinə Zurabişvilinin şuranın qarşıdan gələn iclasına, həmçinin Avropa Siyasi İcmasının növbəti sammitinə Gürcüstanı təmsil etməsi üçün dəvət göndərməsi çağırışı edilir. Qətnamə layihəsində Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, Gürcüstan rəsmilərinə sanksiyaların tətbiq edilməsinə çağırışları da yer alıb.
Politoloq Abutalıb Səmədov “Sherg.az"a açıqlamasında deyib ki, Avropa Parlamentində keçirilən səsvermədə Salome Zurabişvili legitim prezident olaraq tanınsa belə, bu qərar “Gürcü Arzusu”nun mövqeyində heç bir dəyişiklik yaratmayacaq. Politoloq qeyd edib ki, son söz ABŞ-dir:
 “Gürcüstan müxalifəti parlament seçkilərinin hazırkı hökumət tərəfindən saxtalaşdırıldığını iddia edərək yeni seçki tələb edirlər. “Gürcü arzusu” partiyası isə qəti şəkildə bu iddiaya qarşı çıxır və seçki keçirilməyəcəyini bəyan edir”. 
Hələlik Gürcüstan parlamentində iki partiyanın təmsil olunduğunu vurğulayan politoloqun sözlərinə görə, müxalif partiyadan seçilən deputatlar parlamentin iclaslarına qatılmayacaqlarını bəyan ediblər: 
“Çox güman ki, müxalif partiyanı təmsil edən həmin deputatlar da parlamentdən uzaqlaşdırılacaq və Gürcüstanda təkpartiyalı parlament qalacaq. Avropa aktiv şəkildə gürcü müxalifətini müdafiə edərək Salome Zurabişvilini legitim prezident sayırlar. Lakin Avropanın Gürcüstanda yeni seçkilər keçirmək imkanları məhduddur. Bu mənada Avropa Parlamentinin gürcü hökumətinə qarşı münasibəti ictimai rəyə təsir edə bilməz. Əsas söz sahibi Amerika Birləşmiş Ştatlarıdır ki, Donald Tramp Gürcüstanda  baş verən proseslərə toxunmayıb. Hesab edirəm ki, Gürcüstanda kimin qalib gələcəyi, kimin geri çəkiləcəyi Trampın münasibətindən sonra aydın olacaq. Tramp gürcü müxalifətinin mövqeyini müdafiə edərək “gürcü arzusu”ndan yeni seçkilər tələb etsə, proseslər artıq fərqli istiqamətə yönələcək. Həm Amerika Birləşmiş Ştatları, həm də Avropa parlamenti ilə kəskin qarşıdurmaya gedilsə, bunun nəticəsi ağır olacaq. İndiki halda Trampın Gürcüstanla bağlı mövqeyini gözləmək lazımdır. Lakin Tramp bir az da ləngisə, artıq Gürcüstanla bağlı onun qərarlarının da bir əhəmiyyəti olmayacaq”.