ABŞ administrasiyası Qəzzada atəşkəsin ikinci mərhələsinin icrasını və bölgənin müvəqqəti idarəçiliyi ilə yenidən qurulmasını nəzarətdə saxlayacaq Qəzza üzrə Sülh Şurası və İcra Şurasının üzvlərini elan edib.
Sherg.az xəbər verir ki, Ağ Evin məlumatına görə, Donald Trampın rəhbərlik etdiyi Sülh Şurası Qəzzanın sabitləşdirilməsi və bərpası üzrə fəaliyyətləri əlaqələndirəcək. Şuraya Böyük Britaniyanın sabiq baş naziri Tony Blair, ABŞ dövlət katibi Marko Rubio, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, milyarder iş adamı Mark Rouen, Dünya Bankının prezidenti Acay Banqa, ABŞ milli təhlükəsizlik müşaviri Robert Qabriel daxildir.
Şuranın Qəzzadakı nümayəndəsi sabiq BMT xüsusi təmsilçisi Nikolay Mladenov olacaq. O, müharibədən sonrakı gündəlik idarəetməni həyata keçirəcək Fələstinli texnokratlardan ibarət ayrıca komitəyə rəhbərlik edəcək.
İcra Şurası isə Qəzzada idarəetmə və xidmətlər sahəsində bütün fəaliyyətlərə dəstək verəcək. Bu qurumda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Stiv Uitkoff, Cared Kuşner, Tony Blair, BƏƏ-dən Rim əl-Haşimi, Qətərli diplomat Əli Həvadi, Misirin kəşfiyyat rəhbəri Həsən Rəşad və digər beynəlxalq nümayəndələr yer alıb.