Qırğızıstanda azyaşlı uşaqlarının saxlanılmasından yayınan valideynlər həbs ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş prokurorun müavini Umutkan Konkubayeva parlamentdə çıxışı zamanı məlumat verib.
O, deputatlara bəzi qanunvericilik aktlarına dəyişiklikləri təqdim edib. Qanun layihəsində təkcə özəl məhkəmə icraçılarının hüquq və vəzifələri, məsuliyyət və fəaliyyət əsasları deyil, həm də aliment sazişi və ya alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarının icra edilməməsinə dair normalar əksini tapıb.
Qeyd olunur ki, aliment sazişi və ya alimentin ödənilməsi ilə bağlı məhkəmə aktı icra edilmədikdə, məhkəmə icraçısı müvafiq məcəlləyə uyğun olaraq protokol tərtib edib məhkəməyə göndərir, borc 12 ayı keçdikdə isə materiallar daxili işlər orqanlarına təqdim olunur.
Baş prokuror müavininin sözlərinə görə, 3 aylıq borc yarandıqda 3 sutkalıq həbs tətbiq olunur, 1 il ərzində hüquqpozmanın təkrar törədilməsi halında 7 sutkalıq həbs nəzərdə tutulur, 12 ay müddətində borcun ödənilməməsi 100-200 saatlıq ictimai iş və ya 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır, əmək haqqı və gəlirlərin gizlədilməsi, bilərəkdən az göstərilməsi, həmçinin məhkəmə qərarı və ya məhkəmə icraçısının qərarı ilə işə düzəlməkdən yayınma 100 min som məbləğində cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Müzakirələrin yekununda deputatlar qanun layihəsini birinci oxunuşda qəbul ediblər.