Qrenlandiyaya yerləşdirilən Danimarka qoşunlarına mümkün hücum halında hərbi əməliyyatlara hazır olmaq əmri verilib.
Teleqraf xəbər verir ki, bu barədə HLN nəşri məlumat yayıb.
Danimarkanın Baş naziri Mette Frederiksen yanvarın 22-də verdiyi açıqlamada bildirib ki, krallıq Arktika təhlükəsizlik məsələləri ilə bağlı ABŞ ilə danışıqlara hazırdır. Lakin Qrenlandiya ilə bağlı "qırmızı xətlər"in pozulmasına yol verməyəcək.
O, Danimarkanın suveren dövlət olaraq qaldığını və onun fundamental prinsiplərinin güzəştə gedilməyəcəyini açıqlayıb:
"ABŞ ilə hazırkı müdafiə müqaviləsi 1951-ci ilə təsadüf edir və regionda təhlükəsizliyin gücləndirilməsi məsələləri bu çərçivədə müzakirə edilə bilər".
Qeyd edək ki, bu açıqlamaların ardınca ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə adanın idarə olunması ilə bağlı gələcək razılaşmaya dair razılığın əldə edildiyini elan edib. O, razılaşmanın ABŞ-nin Qrenlandiyaya "vaxt məhdudiyyəti" olmadan "tam giriş" təmin etdiyini və detalların hələ də müzakirə olunduğunu bildirib.