“Əsas mərhələdə son oyunumuzu keçirəcəyik. Çox möhtəşəm bir stadionda, möhtəşəm azarkeşlərə sahib güclü bir komandaya qarşı mübarizə aparacağıq”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərədə “Liverpul”la keçiriləcək UEFA Çempionlar Liqası oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.
“Rəqibin futbolçuları hər zaman qələbə istəyi ilə çıxış edirlər. Biz də çalışacağıq ki, meydanda yaxşı oyun nümayiş etdirək. Futbolçularıma inanıram və güvənirəm ki, onlar sabah ən yaxşı oyunlarını göstərəcəklər. Son vaxtlar hər kəs pley-off mərhələsi barədə danışır, amma hazırda yalnız “Liverpul”la oyuna köklənməliyik. Belə komandalarla matçda, bu cür azarkeşlər qarşısında futbolun dadını hər vaxt görə bilməzsən. İnanıram ki, bütün futbolçularımın diqqəti məhz bu oyunda olacaq ki, özlərini ən yaxşı tərəfdən göstərə bilsinlər. İndiyə qədər bir çox sınaqlardan keçmişik. Sabah yaxşı nəticə əldə etmək üçün yaxşı şansımız var. Rəqibi analiz etmişik. Onlar il ərzində bu səviyyədə ən azı 50-60 matç keçirirlər. İnanmıram ki, boşluqlar versinlər. Öz hazırlaşdığımız, düşündüyümüz kimi hücumlar qurmağa çalışacağıq. Topla intizamlı davranmaq çox vacibdir”, - deyə Qurbanov bildirib.
Qeyd edək ki, “Liverpul” -“Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.