Qvatemalada həbsxana qiyamı: 46 nəfər girov götürüldü

Qvatemalada məhbusların qaldırdığı qiyam nəticəsində azı 46 nəfər girov götürülüb. Təhlükəsizlik qüvvələri ölkənin üç həbsxanasında nəzarəti bərpa etmək üçün əməliyyat keçirir.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, daxili işlər naziri Marko Antonio Villeda girovlar arasında ölən və yaralananların olmadığını bildirib.

Girovların əksəriyyəti həbsxana mühafizəçiləridir.

İğtişaşların "Barrio 18" cinayətkar dəstəsi tərəfindən təşkil edildiyi bildirilir. Məqsəd banda liderinin daha yaxşı şərait əldə etmək üçün başqa həbsxanaya köçürülməsi və ləğv edilmiş imtiyazların bərpa olunmasıdır.

Nazir Villeda hökumətin mövqeyini qəti şəkildə ifadə edib: "Mən heç bir terror qruplaşması ilə razılaşmaya getməyəcəyəm və bu şantaja boyun əyməyəcəyəm".

Hazırda "Renovacion 1" ciddi rejimli həbsxanası polis və hərbçilər tərəfindən mühasirəyə alınıb.