Rusiya Cənubi Koreyanı Ukraynaya dəstəyə görə hədələdi

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Cənubi Koreyanın Ukraynaya mümkün hərbi dəstəyi ilə bağlı sərt bəyanat yayıb.

Sherg.az-ın məlumatına görə, qurumun rəsmi nümayəndəsi Maria Zaxarova bildirib ki, əgər Cənubi Koreya NATO-nun silah tədarükünün maliyyələşdirilməsini nəzərdə tutan PURL təşəbbüsünə qoşularsa, Rusiya cavab olaraq, o cümlədən asimmetrik tədbirlər görə bilər.

Zaxarovanın sözlərinə görə, Seulun belə addımı ölkənin Ukraynaya silah və sursat verilməsi prosesində iştirak etməmək barədə əvvəlki rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. O vurğulayıb ki, Cənubi Koreyanın Qərb təşəbbüslərinə qoşulması Moskva–Seul münasibətlərinə ciddi zərər vura və Koreya yarımadası üzrə konstruktiv dialoqun perspektivlərini sual altına qoya bilər.